Morbid piylənmənin ən effektli müalicə üsulu...


Digərləri 11 Fev 2019 23:45:00 213 0

Morbid piylənmənin ən effektli müalicə üsulu...

Dünyada geniş tətbiq edilən bariatrik cərrahiyyə əməliyyatlarının bir növü olan mədəkiçiltmə əməliyyatı piylənmədən əziyyət çəkənlər üzərində icra edilir. Əməliyyat adətən bədən kütlə indeksi 35 kiloqram/kvadratmetrdən çox olan pasiyentlərə tətbiq edilir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi bariatrik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov məlumat verib.

- Həkim, piylənmə nədir və kimlər piylənmiş hesab olunurlar?

- Hər kök insan piylənmiş hesab olunmur. Nümunə üçün deyə bilərəm ki, boyunun hündürlüyü 160 santimetr olan bir şəxsin çəkisi 90 kiloqram və ondan yuxarıdırsa, deməli o piylənməyə məruz qalıb. Piylənməni təyin etmək üçün bədən kütlə indeksini hesablamaq vacibdir. Bunun üçün bədən kütləsini boyun hündürlüyünün kvadratına bölmək lazımdır. Alınan nəticələrdən sonra piylənmə haqqında fikir yürütmək olar. Əgər bədən kütlə indeksi 18-25 arasındadırsa, bu ideal çəkidir. Kütlə indeksi 25-30 arasında olarsa, artıq çəkinin olduğunu göstərir. Həmin şəxslər pəhriz, idman və ya hər hansı konservativ tədbirlər vasitəsilə asanlıqla arıqlaya bilərlər. Alınan rəqəmlər 30-dan yuxarıdırsa, artıq piylənmə başlayıb. 35-dən yuxarı olan nəticə vəziyyətin acınacaqlı olması deməkdir. Kütlə indeksi 40-dan yuxarıdırsa, morbid yəni ölümcül piylənmə adlanır.

- Piylənmənin səbəbləri nədir?

- Piylənmənin olduqca çoxlu səbəbi var. Hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.

- Həmin insanlar hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?

- Piylənmədən əziyyət çəkən insanların normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.