Novruzda İrandan gələn turistlərin sayı azala bilər


Digərləri 10 Fev 2019 23:50:00 226 0

Novruzda İrandan gələn turistlərin sayı azala bilər

Turizm şirkətləri yaranacaq boşluğu kompensasiya etmək üçün alternativ variantlar axtarırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq qış fəslini yavaş-yavaş arxada qoyuruq. Yazın gəlişinə az zaman qalıb. Ölkəmizdə bahar fəslinin gəlişi isə Novruz bayramı ilə qeyd edilir. Hər il olduğu kimi, bu il də bu bayramın ölkəmizdə yüksək səviyyədə qeyd olunacağına heç bir şübhə yoxdur. Bayram ərəfəsində ölkəmizə böyük turist axını da gözlənilir. Bəs görəsən turizm şirkətləri və otellər bayrama necə hazırlaşır? Həmin ərəfədə qonaqlarımızı yüksək səviyyədə qarşılayıb yola sala biləcəyikmi?

"Luna Travel" turizm şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki, ənənəvi olaraq bu il də Novruz tətilində ölkəmizə əsasən İrandan turist axını gözlənilir: "Bununla yanaşı, Körfəz ölkələrindən və Avropadan da ölkəmizə gələn turist sayında müəyyən qədər artım tendensiyası müşahidə olunur. Artıq rezervasiyalara başlanılıb və otellərin bir qismi indidən tutulub. Bu mənada biz regionda yerləşən müxtəlif otellərlə danışıqlar aparırıq. Çalışırıq ki, xidmət keyfiyyəti və qiymət baxımından turistlərə sərfəli proqramlar hazırlayaq. Turistləri ən çox maraqlandıran suallarla bağlı onlarla məsləhətləşmələr aparırıq. Otellərdə bayram ərəfəsində hansı tədbirlərin olacağı indidən müzakirə edirik. Milli-mənəvi dəyərlərimizi təbliğ etmək üçün müxtəlif təkliflər irəli sürülüb. Çalışırıq ki, bu il də ölkəmizə bayram ərəfəsində təşrif edən qonaqlarımızın məmnun edə bilək. Azərbaycana gələn hər bir turist bizim reklamımızdır. Turistin dini, irqi və milliyyətinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onlar hər şeydən əvvəl bizim qonaqlarımızdır. Ona görə də çalışırıq ki, ölkəmizə gələn hər bir ölkənin vətəndaşına xüsusi diqqət ayıraq. Turistlərin maraqları bizim üçün önəmli olduğuna görə göstərdiyimiz xidmətin keyfiyyətini daha da artırmağa cəhd edirik. Bu kimi bütün məqamlar şirkətlər tərəfindən nəzərə alınır. Bayram ərəfəsində ölkə daxili turların qiymətinə də müəyyən endirimlər edilə bilər. Əvvəlki illərlə müqayisədə qiymətlərə bəzi endirimlər etmişik ki, bunun da müxtəlif səbəbləri var. Çünki Yeni il ərəfəsində ölkəyə gələn turist axınındakı artım tendensiyası bizi qane etmədi. Ona görə də şirkətlər bəzi endirimlər edəcək. Əslində turist sayının azalma səbəbləri müxtəlifdir. Ona görə də daha çox turist cəlb etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır. Hazırda İranda müxtəlif iqtisadi çətinliklər mövcuddur. Bu da ölkənin vətəndaşlarının xaricə çıxışında çətinliklər yaradır. Bu məqam Novruz ərəfəsində ölkəyə gələn turist sayına təsir edə bilər. Qeyd etdiyim kimi, artıq turistlər indidən rezervasiya edir. Biz də onlara öz sərfəli təkliflərimizi göndəririk. Biz artıq indidən bazar araşdırmalarını etməliyik. Marketinq siyasətini daha da gücləndirmək lazımdır. İranlı turistləri kompensasiya etmək üçün qiymət siyasətini yenidən gözdən keçirməliyik. Biz turizm sektoruna biznes kimi yanaşma tərzi sərgiləyə bilmərik. Bu elə bir sahədir ki, bu gün göstərdiyin yaxşı xidmət turisti bizə qazandırır. Yəni, davamlı olaraq turizmi inkişaf etdirmək istəyiriksə, bəzi məqamlara diqqət etməliyik. Bizim əsas məqsədimi Azərbaycanı təbliğ etməkdir. Bu da təqdimatdan asılı olan bir şeydir"