Uşaqlara ad seçərkən nələrə diqqət etməli?


Digərləri 10 Fev 2019 23:05:00 206 0

Uşaqlara ad seçərkən nələrə diqqət etməli?

Gülnarə Əliyeva: "Ən acınacaqlı vəziyyət serialların baş qəhrəmanlarının adlarının uşaqlara verilməsidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlara ad qoymaq məsələsi çox vaxt ailələrdə mübahisəli mövzu olur. Bu həm də, ümumi olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun və s. Amma seçilən adın uşaq psixologiyasına təsiri məsələsi də var. Bəs bu təsir nə dərəcədədir? Bunları nəzərə alaraq ad seçimini necə aparmalıyıq?

Bu mövzuda həmsöhbətimiz psixoloq Gülnarə Əliyeva oldu. Psixoloq deyir ki, adların uşaq psixologiyasına təsiri böyükdür, ona görə, bu məqamda diqqətli olmaq lazımdır: "Ümumiyyətlə, ad dediyimiz sözdən ibarətdir. Sözün isə insan psixologiyasına təsiri böyükdür. O sözü, yəni adımızı isə gündə 50 dəfə eşidirik. Heç də bu məsələyə ötəri yanaşmaq olmaz".

G.Əliyevanın sözlərinə görə, valideynlər öz ata-analarının adını yaşatmaq üçün övladlarına köhnə adları verməkdən çəkinməlidirlər: "Ad qoymaq ümumiyyətlə, valideynlərin borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına bir qədər köhnə adları qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin adla çağırmırlar, qondarma adlardan istifadə edirlər. Bu adla çağırmayacaqlarsa, niyə qoyurlar? Yaxud çağırırlar, amma əgər sən öz nənə-babanı, ata-ananı sevirsənsə, bunu ürəyində yaşat. Nənə-babanın adı öz dövrləri üçün aktual olub, bu gün o, uşağa yaraşmaya bilər. Uşaq özünü dərk etdikcə, öz adından utanmağa başlayır".

Psixoloq Ceyran, Cüyür, Maral, Aslan və s. heyvan adlarının da uşaqlara verilməsinin doğru yanaşma olmadığını söylədi: "Bunu valideynlər ona görə qoyurlar ki, həmin heyvanlara xas olan "yüksək keyfiyyətlər" uşaqlarında da olsun. Amma hansı heyvanın şüuru, milli-mənəvi dəyərləri, şəxsiyyəti, xarakteri insandan nə dərəcədə üstün ola bilər ki, buna görə heyvan adını övladına qoyasan?"