Dünya tarixini dəyişən MÖHTƏŞƏM QADIN: "Dəmir Ledi"nin SSRİni yox etmək planı və...


Digərləri 10 Fev 2019 21:54:00 270 0

Dünya tarixini dəyişən MÖHTƏŞƏM QADIN: "Dəmir Ledi"nin SSRİni yox etmək planı və...

"Xoruz yaxşı banlaya bilər, amma yumurtlamaq hər zaman toyuğun öhdəsinə düşür" .

Heç bitməyən, tükənməyən qadın gücü, mərhəməti, sevgisi dünyadan böyük qadın ürəyi olmasaydı, planet də öz oxundan küsərdi. İnciməyin, kişilər, lakin bildiyim bir aksiom var: yer üzündə nəfəs alan hər bir canlı, varlığını dəmir ledilərə borcludur.

Son.az bu yazıda ledilərin ən dəmirlərinin birindən bəhs edəcək sizə. "Diştəmizləyən Meggi" ləqəbli Marqaret Tetçerdən...

Kimin üçünsə eqoizmə bürünmüş ifritə, kiminə görə qadın qüdrətinin rəmzi, nəhayət ən uzağı nəfəs qədər yaxın edən "dəmir ledi" silahının ilk sahibi Marqaret Tetçer...

Marqaret Hilda Roberts 1925-ci il 13 oktyabr tarixində Böyük Britaniyanın Qrentem şəhərində dünyaya gəlib. Marqaretin özündən böyük Müriel adlı bacısı vardı. Atası Alfred Roberts ərzaq mağazasının sahibi idi. Bundan əlavə yerli siyasətin inkişafında yaxından iştirak edir, dini icmanın problemlərinin həllində əməyini əsirgəmir, həmçinin bələdiyyə şurasına üzvlük edirdi. Hətta bir il müddətinə Qrentemin meri də seçilmişdi.

Roberts ailəsinin hər iki qızı sərt şəkildə tərbiyə olunurdular. Bu tərbiyənin cizgiləri gələcəkdə hər ikisinin xarakterinə hopacaqdı. Hər şeyə rəğmən Albert qızları üçün ideal kişi obrazı idi. Çünki həm siyasi, həm də iqtisadi savadı, mütaliə sevgisi övladlarının ona olan güvənini ikiqat artırırdı. Albertin qızlarına aşıladığı ilk zərif məhəbbət kitab sevgisi idi. O, övladları ilə şəhər kitabxanasında zaman keçirməyi çox sevər, hətta Marqareti özü ilə birgə şuranın iclaslarına aparardı. Marqaret səlis nitqini də məhz bu iclaslardakı çıxışlardan aldığı dərslərə borclu idi.

Meggi hələ ibtidai sinifdən otüstü xokkeylə məşğul olur, piano dərsləri alır, üzgüçülük və natiqlik mədəniyyətini mənimsəyirdi. Anasının məişət, mətbəx qayğıları Marqareti maraqlandırmırdı. Atası Meggiyə əməyə dəyər verməyi və cəmiyyətə tabe olmadan, azad düşünməyi aşılayırdı. Marqaretin dili də ağlı qədər iti idi. Bu özəlliyinə görə sinif yoldaşları onu "diş təmizləyən" çağırırdılar.

Məktəbin son sinfində Marqaret sənədlərini Oksford Universitetinə təqdim edir. Uğur üzünə gülür, və Kimya fakültəsinə qəbul edilir. Tələbəlik illərində Marqaretin günləri laboratoriya otaqlarında keçirdi. Kimyaçı diplomununu alandan sonra isə Oksfordun Hüquq ixtisasını bitirir.

Meggi hakimiyyətin zirvəsinə pillə-pillə qalxırdı. 1946-cı ildə Mühafizəkarlar Partiyasının Universitet Assosiasiyasının ilk qadın sədri təyin olunur. Universiteti bitirəndən sonra da Marqaret tələbə yoldaşları ilə əlaqəni itirmir. Onun yaxın dostlarından biri Dartford Assosiasiyasının sədri idi. Komandası ilə birgə seçkilərə namizədlər axtarırdılar. 1951-ci ildə gənc qız seçkidə iştirak statusu qazanır. Bu əlamətdar hadisənin şərəfinə təşkil olunan tədbirdə Marqaret Roberts həyatını kökündən dəyişən kişi ilə tanış olur. Gənc iş adamı Denis Tetçer ilk baxışdan iddialı Meggiyə vurulur. Denis yaxşı bilirdi ki, təcrübəsiz, amma kifayət qədər ağıllı Megginin kişilərin liderlik etdiyi siyasətdə addımlarını bərkitməsi üçün ailə qurması vacibdir. Odur ki, dünya tarixinin axınını dəyişən ilk qadına evlilik təklif edir. Marqaretsə cavabında nümunəvi evdar qadın olmayacağını, bəzən saatlarla, günlərlə işinin köləsinə çevriləcəyini bildirir. Denis tam ciddiyətilə bildirir ki, evlilik təklifinin də əsas səbəbi budur.

Miss Robertslə nikah Denisin ikinci evliliyi idi. Təsadüfə baxın ki, onun ilk xanımının da adı Marqaret olmuşdu. Meggi bu nikaha bir şərtlə razılıq verir ki, ərinin birinci ailəsindən heç kim xəbər tutmayacaq. Cütlük sözünün üzərində durur. Marqaretin valideynləri ölənədək bu sirri öyrənmirlər. Əkiz övladları Mark və Kerrol isə atalarının keçmişindən 18 yaşları tamam olanda xəbər tuturlar.

Cütlüyün ittifaqını alovlu məhəbbət adlandırmaq doğru olmazdı. Ümumiyyətlə, Tetçerlərin nikahı məntiq eviliyi idi. Denis tez-tez səyahət edir, Marqo isə siyasətin girdabına baş vururdu. Onların birgə danışacaqları ortaq mövzuları da çox az idi. Denis siyasətlə heç maraqlanmırdı. Bütün bunlara rəğmən, Marqo yaxşı həyat yoldaşı olmağa çalışırdı. Əri üçün şam yeməyini də özü hazırlayardı. Daha doğrusu marketdən aldığı yarımfabrikat ərzaqlardan bişirərdi.

Marqo dedim, "dəmir ledi"nin qəlbinin ilk və son alovunu xatırladım:

"Çox gənc idim. Cəmi 19 yaşım vardı. Məni yalnız o, Marqo deyə çağırardı. Ayrıldıq... Ondan sonra heç kimin mənə Marqo deməsinə izn vermədim. Səbəbi sizə maraqlıdır? Çünki mən xatirələrə qayıtmıram, sadəcə məni unudanları unuduram. Artıq 30 il keçmişdi. Mayamiyə səfər edirdim. Arxamdan kiminisə "Marqo" deyə qışqırdığını eşitdim. Gözüm əldən düşmüş, əynindəki sökük-tökük paltarına bürünmüş qocaya zilləndi. Susdum... Tez oteldəki otağıma döndüm. Haldan düşənədək ağladım, və anladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam. "

Çox güman ki, Denis olmasaydı, "dəmir ledi" həqiqətən günü mətbəxdə keçən evdar qadına, "sadəcə" qadına dönəcəkdi.

1953-cü ildə Tetçer cütlüyünün əkizləri dünyaya gəlir. O, Mark adlı oğlu və Kerrol adlı qızını əri və dayənin üzərinə atıb, yenidən tək ehtirasına- siyasətə qayıdır. İllər sonra Tetçer ailəsinin yaxın dostu xanım baş nazir haqda belə yazacaqdı: "Marqaret nə qədər uğurlu siyasi xadimdirsə, bir o qədər də uğursuz anadır, özü də bunu çox gözəl anlayır."

Eyni fikirləri Tetçerin qızı Kerrolun xatirələr kitabında oxumaq olar: "Bizim ailə ocağımız sevgidən məhrum, büyük dondurucunu xatırladırdı".

Bəlkə də buna görə, "buz kraliçası"nın 1979-cu ildə qazandığı ilk qələbədən sonra övladları ölkəni tərk edirlər. Mark amerikalı tacir qızı ilə ailə qurub, hələ də anasının sevimli ölkəsi ABŞ-da yaşayır. Qızı Kerrol isə bir müddət Avstraliyadakı qoyun fermalarının birində işə düzəlir. Bir neçə ildən sonra isə jurnalistlik fəaliyyətinə başlayır. Lakin anasının həyatına və siyasi rifahına xələl gətirməmək üçün bir sıra gəlirli təkliflərdən imtina etmək məcburiyyətində qalır. Kerrol hələ də ailə qurmayıb. Deyilənə görə, anasının dəmir xarakteri ona da keçib. Hətta bir dəfə qaradərili idmançını sərt tənqid etdiyi üçün BBC-də yayımlanan verilişdən qovulub. Ona bildirilən iradlara baxmayaraq, irqçi Kerrol üzr istəməkdən boyun qaçırıb.

Qadın xarakterini göstərəndə ona "ziyankar ifritə" deyirlər, kişi sərtliyini sübut edəndə isə " yaxşı oğlan" donu geyindirirlər.

Karyerasının ilk illərində "satıcı qızı" ləqəbi Meggiyə əməllicə mane oldu, amma bununla yanaşı məmurlar arasında seçilmək üstünlüyü də qazandırdı.

Meggi hər şeydə birinciliyə can atırdı. Britaniyaya başçılıq edən ilk qadın, seçkilərdə 3 dəfə ən çox səs toplayan baş nazir, 11 ildən çox vəzifədə qalan ilk britaniyalı siyasətçi. Kiminçünsə "millətin anası", bəzilərinin gözündə " ifritə Tetçer"... Amma bütün ittihamları kənara qoysaq, Tetçer ən çətin zamanlarda Britaniyanın taleyini həll edən nəhəng siyasətçi idi.

1955-ci ildə Marqaret Mühafizəkarlar Partiyasının namizədi seçilir. 1959-cu ildə isə İcmalar Palatasının üzvü vəzifəsinə yüksələrək qalib olur. Marqaret ilk ictimai nitqində hakimiyyətə üsyan etməklə qalmır, mövcud qanun sistemində islahatlar aparılmasını tələb edir. Çox keçmir ki, "Diş təmizləyən Meggi" Təqaüd Nazirinin müavini seçilir. Partiya uduzduqdan sonra isə tikinti məsələlərinin həlli ilə məşğul olmağa başlayır.

Hər gün məişət və təsərrüfat məsələlərini çözən qadın ölkənin problemlərini də həll etmək iqtidarındadır.

İki il sonra Marqaret yenidən qollarını çırmayıb siyasətin kirli qablarını yumağa qərar verir. Hakim Leyboristlər partiyasının siyasətini tənqid edərək, ölkə iqtisadiyyatının talan qalması ilə bağlı xəbərdarlıq edir. Bununla da kifayətlənməyib parlamentə toplaşan bütün siyasətçiləri şoka salan növbəti mövzuya toxunur. Marqaret abortların leqallaşdırılmasının, boşanma şərtlərinin yumşaldılmasının və vergilərin azaldılmasının səsvermə yolu ilə qəbul olunmasını tələb edir.

Tetçer ABŞ-ın idarəetmə sisteminə heyran idi, hətta bir müddət ABŞ-ın Londonda yerləşən səfirliyində yüksək vəzifədə də çalışmışdı. Elə bu dövrdə gələcək baş nazir dünya siyasi arenasında at oynadan bir sıra nəhəng siyasətçilərlə tanış olmaq imkanı qazanmışdı.

1970-ci ildə Mühafizəkarlar Partiyası yenə sükan arxasına keçir. Ledi Marqaret isə Elm və Təhsil naziri seçilir. Ölkənin büdcəsinə kifayət qədər qənaət edən nazir xanım məktəblərdə uşaqlara pulsuz süd verilməsini qadağan edir. Beləcə xalq arasında mənfi imic qazanır. Xüsusi məktəblərin hamısını bağlatdırır, eyni sistemlə çalışan adi məktəblər yaradır.


Xəbərə aid fotolar