Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur


Digərləri 10 Fev 2019 09:49:00 258 0

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.

Son.az Trend-ə istinadən bildirir ki, ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan Y.Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Y.Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.

Y.Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.

Y.Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Müstəqillik dövrünün ilk "Azərbaycan tarixi" və "Orta əsrlər tarixi" dərslikləri onun qələminin məhsuludur.

Y.Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.


Xəbərə aid fotolar