XX əsrin adamı, XXI əsrin qonağı FOTO


Digərləri 10 Fev 2019 01:30:00 302 0

XX əsrin adamı, XXI əsrin qonağı  FOTO

O səhnəyə çıxanda insanların üzündə yaranan maraq və sevgini görmək lazım idi 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bakı şəhəri vaxtılə məni xilas edib. Bunu heç vaxt unutmaram. Həyatımın müəyyən dövründə heç bir kinostudiyada mənə rol vermək istəmirdilər. Belə bir vaxtda məni işlə təmin edən yeganə kinostudiya "Azərbaycanfilm" oldu. Bu kinostudiyada çəkildiyim ilk ekran əsəri "Dərviş Parisi partladır" filmi oldu". 84 yaşında dünyasını dəyişən məşhur rus və sovet aktyoru Sergey Yurski bu sözləri bütün müsahibələrində xatırlayırdı. O, artıq azərbaycanlılar üçün doğma aktyora çevrilmişdi. "Dərviş Parisi partladır" filmi onu bütün ittifaqda tanıtdı. Səmimi yumorla dolu film bütün ittifaqda tamaşaçıların rəğbətini qazandı. Ən xoşa gələn cəhət o idi ki, həmin film Azərbaycan dilinə dublyaj ediləndə S.Yurski öz qəhrəmanının rolunu özü səsləndirib. O, fransız ləhcəsi ilə Azərbaycan dilində yaxşı danışırdı. Bu filmin uğurundan sonra "Azərbaycanfilm" qapılarını bu istedadlı və səmimi aktyorun üzünə taybatay açdı: "Qorxma, mən səninləyəm", "Günlərin bir günü" (1976, epizod), "Şir evdən getdi" (1977, ovçu), "Bir ailəlik bağ evi" (pristav), "Qara qağayı" filmlərində aktyora rollar verildi. O, həmçinin Azərbaycanın şəhərlərində qastrol səfərlərində, tamaşalarda, solo konsertlərdə iştirak edirdi. Aktyor teatr truppasının tərkibində ümummilli lider Heydər Əliyevin qəbulunda da olmuşdu. Sergey Yurski həmin görüşü həmişə səmimiyyətlə xatırlayırdı.

Qadağalara məruz qalanda

Sergey Yurski maraqlı və çətin keçən həyat yaşayıb. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olan Sergeyin atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının idi. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə sevgisi olan Sergeyi valideynləri bu həvəsindən çəkindirməyə çalışıblar.  

O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alır. Gələcək aktyor həmçinin universitetin dram dərnəyində də məşğul olmağa vaxt tapır. Universitet səhnəsində hazırlanan tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilirdi. Nəticədə, o, bu ali məktəbdəki təhsilini yarımçıq qoyur. Tez-tez teatr dərnəklərinə gedən Sergey bu sənətdən ayrı qala bilməyəcəyini başa düşür. Sergey 3-cü kursda hüquq fakültəsini tərk edərək Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur. 1959-cu ildə isə bu ali məktəbi bitirir. 

Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayır və tezliklə də tamaşaçılar tərəfindən tanınır.  

O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrının aktyoru olub. Burada çalışdığı zaman aktyor bəzi qadağalara məruz qalıb. Məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırılıb. O zaman gənc aktyorun harayına Bakının kino mühiti çatıb.

Qadağalarla üzləşdiyi günləri Yurski belə xatırlayırdı: "Demək olar, beş il mən bağlı qapılar arxasında yaşadım. Nəhayət, Moskvaya köçməyi qərara aldım. Moskva teatrında məni və xanımım Natalya Tenyakovanı qəbul edirdilər, ancaq sonra nazirlik səviyyəsində deyirdilər: "Belə fikir var ki, sizin gəlişiniz arzuolunmazdır. Yəqin ki, hər şeyi başa düşürsüz". Bu münasibətdən sonra Yurski ona əziz olan rolları və tamaşaları buraxıb, bir estrada proqramı hazırlayır. Bir qədər qorxu və risk qarşısında qalan aktyor tək-tənha Maqnitoqrsk, Kamçatka, Çukotka və Sarapulyevə "səyahətə" çıxır. Babel, Pasternak, Mandelştam, Bunin, Şukşin və Şekspirin əsərlərindən ibarət proqram hazırlayıb zəhmətkeşlər qarşısında çıxış edir. "Müxtəlif şəhərlərdə olmağıma baxmayaraq, qorxu məni tərk etmirdi. Mən yalnız səhnədə bu qorxunu unudurdum"- deyə aktyor qeyd dəftərçəsində yazırdı.

Yurski Leninqrad şəhərini tərk edərək, Moskvaya köçür və Mossovet adına Teatrda çıxış etməyə başlayır. Bütün çətinliklərə və maneələrə baxmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kino xadimlərindən biri kimi tanına bilir.


Xəbərə aid fotolar