Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək


Digərləri 09 Fev 2019 23:36:00 183 0

Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək

Azərbaycanda minimum əməkhaqqının 50 manat artması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək. Bu artım 600 min nəfəri əhata edəcək. Bu barədə iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Bu artım bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifah halının yüksəldilməsi üçündür.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması xüsusilə az gəlirli ailələrin rifahının yaxşılaşmasına səbəb olacaq. Martın 1-dən etibarən tibb, təhsil və digər sahələrdə ən aşağı əməkhaqqı 180 manat təşkil edəcək. Hazırda bu məbləğ 130 manatdır.

İqtisadi İslahatlarının Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı artımı şərh edərkən bildirib ki, bunun üçün dövlət büdcəsindən bu il ərzində 335 milyon manat, gələn il isə 400 milyon manat əlavə vəsait xərclənəcək.

Bu artım Azərbaycan əhalisinin böyük hissəsini əhatə edəcək və bununla aztəminatlı ailələrlə normal gəlirli ailələr arasındakı fərq azalacaq. Üstəlik, ölkədə əsasən aşağı maaşlı işlərdə qadınlar çalışdığından bu artımla qadın və kişilərin gəlirləri arasındakı fərq də azalmış olacaq. Eyni zamanda, bu dəyişiklik özəl sektora da təsir edəcək.