Azərbaycanda iqlimşünaslığın, coğrafiyanın banisi olmuş Fiqurovski kimdir?


Digərləri 09 Fev 2019 18:12:00 259 0

Azərbaycanda iqlimşünaslığın, coğrafiyanın banisi olmuş Fiqurovski kimdir?

Yəqin bir çoxumuzdan mətndəki şəkili göstərib soruşsalar ki, bu kimdir? Güman edirəm cavabında deyərik ki, yəqin hansısa rus alimi, rus ziyalısıdır. Bundan artıq çətin ki, kimlərsə nəsə bilsin. Bunu dəqiqləşdimək üçün bir neçə nəfərə həmin şəkili göstərdim, hətta sosial şəbəkələr üzərindən bir neçə dostlarımın şəxsi mesaj qutusuna da göndərdim. Biri dedi ki, Cümhuriyyət qurucularındandır, biri dedi alman bioloqudur, biri dedi atom üzərində işləyən fiziklərdəndir, biri dedi Henri Hersdir, biri də dedi ki Viktor Hüqodur. Bir sözlə, tanıyan olmadı.

Heç mən də tanımırdım, ta bu günə kimi. Adını desələr, yenə də tanımazdım...

Çoxdandır üzərində işlədiyim bir layihə ilə əlaqədar Azərbaycanda çalışmış əcnəbi fizik haqqında araşdırma aparıram (bu fizik haqqında da yaxın günlərdə bir yazı hazırlayacam, qismət olsa). Bununla bağlı bu gün bir neçə ehtimal etdiyim ünvanlara dəydim. Axtardığımı tapa bilməsəm də qarşılaşdığım sürpriz məni Azərbaycan elminə xidmət etmiş başqa bir dahi haqqında bilgi əldə etməyə şans yaratdı.

İvan Vladimiroviç Fiqurovski...

Bəli, sən demə, 1865-ci ildə Rus İmperiyasının Vladimir vilayətində anadan olan İvan Fiqurovski rus olsa da Azərbaycan elmi, Azərbaycan dövləti üçün böyük xidmətlər etmiş əvəzsiz alimlərimizdən biridir.

Vaşava Universitetini fizika-riyaziyyat ixtisası ilə bitirən İvan oradan birbaşa Qafqaza - Tiflisə gəlir. Burada o iqlimşünaslıqla, meteorologiya ilə məşğul olur. Sonra meteorologiya sahəsində elmi-tədqiqat işlərini daha da dərindən öyrənmək üçün Peterburq Baş Geofizika Rəsədxanasına gedir. Təhsilini başa vurub yenidən Qafqaza qayıdır. Bir neçə il Tiflisdə işlədikdən sonra, 1920-ci ildə Bakıya qayıdır və Politexnik İnstitutunda meteorologiya fənnini tədris etməyə başlayır.

Tez-tez Azərbaycanın müxtəlif ərazilərini gəzməyə çıxaraq indiyə kimi öyrənilməmiş yeniliklər ortaya çıxarmışdır. Fiqurovskinin ortaya çıxardığı yeni-yeni ideyaları əsasında dünya iqlimşünaslıq elminin nəzəriyyəsi daha da zənginləşərək yeni tətbiq sahələrini aşkara çıxartmışdır. Onun tərtib etdiyi paleoiqlim sxemləri əsasında hətta üçüncü dövrün iqlimi, onun xüsusiyyətləri haqqında məlumatlar toplamaq mümkün olmuşdur.

İxtisasca fizik olan Fiqurovski bir-birinin ardınca Qafqazın, xüsusən də Azərbaycanın iqliminə aid sanballı əsərlər yazmışdır.

Onun "Qafqazın iqlim oçerki" adlı nəşr etdirdiyi xüsusi əsəri sayəsində Qafqazın bitki örtüyünün zonallığını bilavasitə iqlim şəraitinin təsiri ilə əlaqələndirmək mümkün olmuşdur. 1912-ci ildə Peterburqda nəşr olunan "Qafqaz iqlimlərinin tədqiqat təcrübəsindən", 1919-cu ildə Tiflisdə nəşr olunmuş "Qafqazın iqlimi" adlı əsərləri iqlimşünaslar üçün bu gün də öz orijinallığını qoruyub saxlamaqdadır.

1926-cı ildə Tiflisdə nəşr olunmuş "Azərbaycanın iqlim rayonlaşdırılması" əsəri ilə Azərbaycan iqlimşünaslığının əsasını qoymuşdur desəm yanılmaram.

Professor Fiqurovskinin xidmətləri bununla bitməmişdir. Belə ki, Fiqurovski Politexnik İnstitutunda meteorologiya fənnini tədris etməklə yanaşı həm də Politexnik İnstitutunda eyni zamanda Kənd təsərrüfatı fakültəsinin dekanı olmuşdur. Məhz bu böyük alimin təşəbbüsü və birbaşa rəhbərliyi sayəsində Azərbaycan Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmışdır. Fiqurovski həmin institutun Fizika-meteorologiya kafedrasının rəhbəri olmuş, həm də burada ekologiyadan, iqlimşünaslıqdan və fizikadan mühazirələr söyləmiş, seminarlar aparmışdır.

Zəruri siyasi qərardan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Həmin institut indi Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitet adı ilə fəaliyyət göstərir