Sahibkar: "Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"


Digərləri 09 Fev 2019 15:39:00 198 0

Sahibkar: "Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"

Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlıqlardan birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb.

Son.az report-a istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi "Biznes islahatları" mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi" - sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.