Əbülfəs Qarayev Tovuzda vətəndaşlarla görüşüb (FOTO)


Digərləri 08 Fev 2019 16:54:00 203 0

Əbülfəs Qarayev Tovuzda vətəndaşlarla görüşüb (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Bakı. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb. Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib. Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Tovuzdan qəbula yazılmış sakinlər ustad aşıq Mikayıl Azaflının 95 illik yubileyinin keçirilməsi, rayondakı Xalq teatrına milli geyimlərin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar. Ağstafa rayonundan qəbula gəlmiş vətəndaşların müraciətləri aşıq sənətinin gənc nəslə öyrədilməsi, təbliği, eləcə də saz alətinin hazırlanması üçün yer ayrılması, “Nəsimi ili” çərçivəsində tədbirlərin keçirilməsi, kitabxanalara böyük şairin əsərlərinin yeni nəşrlərinin, onun haqqında kitabların verilməsi, ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması barədə olub. Qazax sakinləri rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrdən birinə 2017-ci ildə dünyasını dəyişmiş Aşıq Ədalət Nəsibovun adının verilməsi, uşaq musiqi məktəbində yeni instrumental ifaçılıq sinfinin açılması və məktəbin musiqi alətləri ilə təchizatı, işlə təmin olunma barədə müraciət ediblər.