"Run Group" şirkəti və Təbiəti Mühafizə Cəmiyyətindən yeni ekoloji layihə (FOTO/VİDEO)


Digərləri 08 Fev 2019 16:39:39 242 0

"Run Group" şirkəti və Təbiəti Mühafizə Cəmiyyətindən yeni ekoloji layihə (FOTO/VİDEO)

Bakının Binəqədi rayonundakı Dendroloji parkın yenidənqurma və abadlaşdırma işlərinə başlanılıb.

Bakı. "Run Group" şirkətinin dəstəyi və Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin təşkilatçılığı ilə Bakının Binəqədi rayonundakı Dendroloji parkın yenidənqurma və abadlaşdırma işlərinə başlanılıb. Şirkətdən Trend-ə verilən məlumata görə, "Run Group"un ekoloji layihələri çərçivəsində gerçəkləşən işlərin ilk mərhələsində Təbiəti Mühafizə Cəmiyyətinin balansında olan parkda ağacəkmə aksiyası keçirilib. Aksiyada "Run Group"un direktoru İranə Talışxanova və Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov da iştirak ediblər. Aksiya nəticəsində 2016-cı ildə layihələndirilməsi həyata keçirilən parkda 500-ə yaxın ağac tingi əkilib. Onların arasında Eldar şamı, xan çinarı da daxil olmaqla "Qırmızı kitab"a düşən müxtəlif növ ağaclar var. "Run Group" şirkəti artıq 5 ildir ki, Təbiəti Mühafizə Cəmiyyəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan təbiətini zənginləşdirmək, ekologiyasına töhfə vermək məqsədilə bir neçə ekoloji layihə həyata keçirilib. Bu əsasda mütəmadi şəkildə demək olar ki, hər ay Bakıda, həmçinin İmişli, Xaçmaz, Lənkəran və digər rayonlarda minlərlə müxtəlif növ ağac əkilir. Ümumilikdə "Run Group" şirkəti və Təbiəti Mühafizə Cəmiyyətinin birgə layihələri əsasında ölkə ərazisində əkilən ağacların sayı on minlərlədir.