Şəhid qızını vurub öldürən oğluna görə


Digərləri 08 Fev 2019 16:10:00 215 0

Şəhid qızını vurub öldürən oğluna görə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və külli miqdarda rüşvət almaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elnur Babayevin məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə E.Babayev özünü təqsirli bildiyini deyib.

Onun dələduzluğu başqa bir ictimai rezonans doğuran cinayət işi ilə bağlıdır. Belə ki, 2017-ci ilin noyabr ayında iş adamı, "Xırdalan Xəz" ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı idarə etdiyi 90 FO 007 nömrəsi "Jeep Grand Cherokee" markalı avtomobillə vurub öldürmüşdü.

Qəzadan sonra R.Rəhimov 1 ay azadlıqda qalmışdı, onun yerinə isə ailənin sürücüsü Əmrulla Şahbazov cinayəti boynuna götürmüşdü. Daha sonra şəhidin ailəsi məsələni ictimailəşdirdiyi üçün cinayət işi Səbail RPİ-nin müstəntiqi Vüqar Abbasovdan alındı və V.Abbasov vəzifəsindən qovuldu. Bu gün təqsirləndirilən Elnur Babayev də müstəntiqin qeyri-rəsmi köməkçisi olub.

İndi isə məlum olub ki, iş adamı Akif Rəhimov sürücülük vəsiqəsi olmadan maşın idarə edən oğlunu həbsdən yayındırmaq üçün şəhid qızı, mərhum Könül Əkbərovanın sərxoş olması barədə saxta ekpertiza rəyi almaq istəyib və ona bu vədi verən Elnur Babayevə 52 min 500 manat verib.