Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilib (FOTO)


Digərləri 08 Fev 2019 15:33:42 170 0

Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır.

Bakı. Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Trend-in məlumatına görə, Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Təşkilatın sədr müavini C.Xəlilov həmçinin bildirib ki, daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.