Səudiyyəli ərəbşünaslar Şərqşünaslıq İnstitutunda olublar (FOTO)


Digərləri 08 Fev 2019 12:51:29 439 0

Səudiyyəli ərəbşünaslar Şərqşünaslıq İnstitutunda olublar (FOTO)

Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ötən gün AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Bakı. Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ötən gün AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Mərkəzin baş katibi dr.Abdullah əl-Vəşminin rəhbərlik etdiyi nümayəndə heyətinə qurumun əməkdaşlarından dr.İbrahim Əbanmi, Məhəmməd əl-Mübarık və Abdulla bin Dirman daxil idi. Trend-in məlumatına görə, qonaqlar əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Dr.Abdullah əl-Vəşmi Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzi barədə fəaliyyəti barədə məlumat verərək, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onlarda maraq doğurduğunu bildirib. Daha sonra Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin nümayəndələri Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüblər. Səudiyyəli qonaqları təqdim edən Şərqşünaslıq İnstitutunun direktoru iki müəssisə arasında əlaqələrinin genişlənməsinin hər iki tərəfə faydalı olacağını bildirib. Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi dr.Abdullah əl-Vəşmi rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında söhbət açaraq, onun dünyanın əksər ölkələrində fəaliyyət göstərib, ərəb dilinin öyrənilməsi və bu sahədə elmi araşdırmaların aparılması işinə dəstək olmasını qeyd edib. Onun sözlərinə görə, Şərqşünaslıq İnstitutunun səmərəli fəaliyyəti və ərəbşünaslıq sahəsində çalışan elmi işçilərin apardıqları dəyərli araşdırmalar onu çox valeh etdi. O, tarixən Azərbaycanda ərəb dilində yazıb-yaratmış alimlər, eləcə də müasir dövrdə ərəbşünaslıq sahəsinə töhfə vermiş elm xadimləri barədə məlumat almağın onlar üçün maraqlı olduğunu qeyd edib.