"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur


Digərləri 08 Fev 2019 12:14:00 413 0

"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur.

Nazirlikdən Son.az-a verilən məlumata görə, "Azərpoçt" MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.

Qeyd edək ki, "Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də "Azərpoçt"un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər. 

"Azərpoçt" və "Digital Payment" arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan yaradacaq. "Sendy" proqram təminatının və avadanlıq kompleksinin "Azərpoçt" tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.


Xəbərə aid fotolar