Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti illər olub


Digərləri 08 Fev 2019 08:16:00 233 0

Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti illər olub

Dünya Meteorologiya Təşkilatı təşkilatına görə, son dörd il (2015-2018) dünyada meteoroloji qeydiyyatların aparıldığı 170 il ərzində ən isti dövr olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilat cari ildə də proqnozların ürəkaçan olmayacağı qənaətindədir. Bununla da təşkilat qlobal istiləşmə ilə bağlı xəbərdarlıqların nə dərəcədə ciddi olduğuna diqqət çəkib.

Təşkilatın apardığı analizdə müəyyən edilib ki, 2018-ci ildə qlobal orta temperatur sənayeləşmə mərhələsindən (1850-1900-cü illər) əvvəlki dövrlə müqayisədə 1 dərəcə, 1981-2010-cu illərin orta göstəricisindən isə 0,38 dərəcə yuxarı olub. 2015-2017-ci illərdə isə orta göstərici daha yüksəyə qalxaraq, sənayeləşmədən əvvəlki dövrdən 1,1 dərəcə yuxarı olub. Meteoroloqlar "El Ninyo" qasırğasının istiləşmədə xüsusi effektini də diqqətdən qaçırmayıblar.

Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas uzunmüddətli trendi şərh edərkən bildirib ki, meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür. Son dörd ildəki istiləşmə həm quruda, həm də okeanlarda özünü biruzə verib və atmosferdə zərərli qazların konsentrasiyası ilə müşayiət olunub. P.Taalas qeyd edib ki, yüksələn ortalama temperatur və istixana qazlarının rekord konsentrasiyası 2018-ci ildə dünyanın bir çox regionlarında ekstremal hava şəraitinə gətirib çıxarıb, nəticədə milyonlarla insana, ölkə iqtisadiyyatı və ekosistemə ağır zərbə dəyib.