Coğrafiyaçı alim: Küləklər bir il müddətində 15 gün davam edərsə…


Digərləri 08 Fev 2019 07:44:00 201 0

Coğrafiyaçı alim: Küləklər bir il müddətində 15 gün davam edərsə…

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında coğrafiya üzrə fəlsəfə doktoru İsmayıl Quluyev "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırma və torpaqların keyfiyyətcə idarə olunması modelləri (Ceyrançöl timsalında)" mövzusunda məruzə edib.

Son.az xəbər verir ki, İnstitutudan AZƏRTAC-a bildirilib ki, məruzəçi Ceyrançöl massivində torpaqların yüksək dərəcədə ekzodinamik proseslərə məruz qalmasının başlıca səbəbini ərazidə ekstensiv heyvandarlıqla bağlı olaraq sistemsiz otarma və hər hektara düşən qaramalın baş sayının ərazi üçün tələb olunan normanı dəfələrlə keçməsi ilə əlaqələndirib.

Tədqiqatçı bildirib ki, ərazidə əkinçiliyin genişlədirilməsi torpaqlar üçün təhlükə riskini artırır. Hesablamalara görə, sürəti saniyədə 4,5-5 metrə çatan küləklər bir il müddətində 15 gün davam edərsə, nəticədə şum olunmuş torpaqların hər hektarından 550-570 ton torpağın münbitlik fraksiyalarının sovrulub aparılması baş verə bilər. Kürün sol sahili ətraf ərazilərlə müqayisədə eroziya bazisinin dərinləşməsi nəticəsində uçqun və eroziya proseslərinin sürətlənməsinə və beləliklə, münbit torpaqların getdikcə azalmasına səbəb olur. Ərazidə əkinçiliyin genişləndirilməsi mövcud qış otlaq sahələrinin azalmasına gətirib çıxaracaq. Belə olan halda torpaq sahələri daha çox deqradasiyaya məruz qalacaq.