Kopenhagen yaxınlığında UN17 adlı ekoloji kənd salınacaq


Digərləri 08 Fev 2019 04:30:00 276 0

Kopenhagen yaxınlığında UN17 adlı ekoloji kənd salınacaq

Kopenhagenin yaxınlığında ümumi sahəsi 35 min kvadratmetr olan ərazidə UN-17 adlı ekoloji kənd salınacaq. Bu kənddə emal edilmiş beton, ağac və şüşədən istifadə edilməklə ən müasir ekoloji texnologiyalar əsasında beş yaşayış korpusu tikiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ekoloji kəndin layihəsi BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dəstəklənib. Müəlliflərin planına görə BMT-nin davamlı inkişaf sahəsində 17 hədəfinin bütün tələbləri nəzərə alınmaqla yaradılacaq yeni yaşayış məntəqəsində cəmi 830 nəfər, o cümlədən 175 uşaq və 100 nəfər ahıl şəxs məskunlaşacaq.

BMT-nin davamlı inkişaf hədəflərinin sayına uyğun olaraq UN-17 adlanan bu kəndin inşasına, hava şəraitindən asılı olaraq, 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində başlanması və bütün işlərin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Hər binanın damında salınacaq bağlarda və istixanalarda sakinlər meyvə-tərəvəz yetişdirəcəklər. Kənddə tikiləcək müasir restoranların menyusunda orqanik məhsullardan hazırlanmış yeməklər olacaq. Hər binanın damında ildə 1,5 milyon litr yağış suyunun toplanması və təmizlənməsi üçün nəzərdə tutulan qurğular qoyulacaq. Sakinlər bərpa olunan müasir enerji mənbələrindən istifadə edəcəklər.