Prezident İlham Əliyev əmanətlərin tam sığortalanmasını


Digərləri 07 Fev 2019 21:16:00 231 0

Prezident İlham Əliyev əmanətlərin tam sığortalanmasını

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artıq "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: "Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

Beləliklə, Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

Əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatmış, başqa sözlə, 9.6 faizdən çox artmışdır. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6% (291 mln. AZN), tələbli depozitlər isə 18.5% (436 mln. AZN) artıb.

Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirmişdir. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artmış, xarici valyutada olan əmanətlər isə 65 faiz azalmışdır. Nəticədə, 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalmışdır.

Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir.