Gürcüstanda 5 nəfərdən ibarət azərbaycanlı ailə ağır durumda yaşayır


Digərləri 07 Fev 2019 18:44:00 199 0

Gürcüstanda 5 nəfərdən ibarət azərbaycanlı ailə ağır durumda yaşayır

Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndində 5 nəfərdən ibarət Əliyevlər ailəsi 5 kvadratmetr sahəyə malik çadırda yaşayır.

Son.az report-a istinadən xəbər verir ki, Gürcüstanın İctimai televiziya kanalı fevralın 3-də ailənin acınacaqlı şəraitdə yaşaması haqqında reportaj yayımlayıb.

Ailə əvvəllər normal şəraitli evdə yaşayıb. Ailə başçısı Nasil Əliyevin babası evi ona vəsiyyət etsə də, daha sonra ailədaxili problem yarandığından ailə həmin evdən çıxarılıb.

Nasil və Salatın Əliyeva üç yeniyetmə övladları ilə qovulduqları evin yaxınlığında özlərinin sellofan, karton və şiferlərdən düzəltdikləri çadırda yaşayırlar. Uşaqlar məktəbə getmək üçün təxminən, 2 kilometrə yaxın məsafəni qət etməli olurlar. Ev tapşırıqlarını onlar dizləri üstündə hazırlayırlar.

Bolnisi meriyası ailəyə yaşayış üçün alternativ yer təklif etsə də, Əliyevlər buna razılaşmırlar. Ailə bildirir ki, çoxmərtbəli binaya köçsələr, yeganə gəlir mənbəyi olan iribuynuzlu mal-qara təsərrüfatlarını itirə bilərlər.

Ailənin durumuna həsr olunmuş reportajdan sonra Bolnisi rayon rəhbərliyinin nümayəndələri ötən gün Əliyevlər ailəsinə yorğan, döşək, balış və digər ilkin tələbat əşyaları aparıblar.

Rayon rəhbərliyi ailəyə Darbaz kəndində digər yaşayış yeri ilə təmin olunmaqla bağlı bir daha təklif irəli sürüblər. Ailə başçısı təklifi nəzərdən keçirmək üçün bir həftə vaxt istəyib. 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar