Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı təsdiq edildi


Siyasət 07 Fev 2019 18:30:00 291 0

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı təsdiq edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.