Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib FOTO


Siyasət 07 Fev 2019 18:21:00 314 0

Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib  FOTO

Qubada "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Quba rayon İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqda çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon Şöbəsinin rəisi Eldəniz Nağıyev Azərbaycan təhlükəsizlik orqanının tarixi barədə danışıb.

Bildirib ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Nazirliyinin tərkibində Baş Qərargahda Kəşfiyyat və Əks Kəşfiyyat Bölməsi yaradılıb. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti Əks-İnqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul edib. Lakin 1920-ci ilin aprel hadisələrində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət qurumları ilə bərabər Əks-İnqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırıb:

"Ümummilli Lider Heydər Əliyev deyirdi ki, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanları tarixi üçün qara ləkədir. Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verildi. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı oldu. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən, suverenliyi, dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanındıqdan sonra ölkəmizə qarşı daxili və xarici təhdidlərin daha da güclənməsi milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini yaratdı və Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi.

Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın mənafeyinə cavab verən səviyyədə hazırlamaq üzrə vəzifələri müəyyən etdi".

Şöbə rəisi bildirib ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə fəaliyyətini davam etdirir.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən danışıb. Bildirib ki, xüsusi xidmət orqanlarında general-mayor rütbəsinə qədər yüksələn Heydər Əliyev bu sistemdə öz adını ilk azərbaycanlı kimi təhlükəsizlik orqanları tarixinə həkk etdirib:

"Heydər Əliyev həm də Azərbaycan milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı olub. Heydər Əliyev xüsusi xidmət orqanlarında xidmətə başladığı vaxtdan sovet təhlükəsizliyi orqanlarının fəaliyyəti, azərbaycanlılara qarşı qanunsuz repressiv metodlardan imtina edilməsi, keçmiş repressiya qurbanlarının reabilitasiyası ilə səciyyələndirilən yeni mərhələnin başlanğıcını qoydu. Sonradan Ulu öndər Azərbaycan SSR rəhbərliyi dövründə repressiya qurbanı olan böyük ədibimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Naxçıvana gətirilərək dəfn edilməsi kimi cəsarətli bir təşəbbüsün müəllifi və icraçısı oldu".

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev adından tədbir iştirakçılarını salamlayan xüsusi xidmət orqanları veteranı Əliheydər Dadaşov isə bildirib ki, o xüsusi xidmət orqanlarında çalışması ilə fəxr edir:

"Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə Azərbaycan həqiqətinin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası olmasın. O cümlədən respublikamızın təhlükəsizlik orqanları da Ulu öndərin adı ilə bağlıdır. Təkcə ona görə yox ki, Heydər Əliyev təhlükəsizlik orqanlarının əməkdaşı olub və ali qurumların rəhbəri kimi çalışıb. Nə ona qədər, nə də ondan sonra bu orqanlarda çalışanlar Heydər Əliyevin etdiyini edə biliblər. Bunun üçün Heydər Əliyev uzaqgörənliyi, qorxmazlığı və itizəkalılığı lazım idi. Heydər Əliyev hələ sıravi əməkdaş olduğu zaman onun mövqeyi milli köklərimizə bağlı idi. Bu orqanların rəhbəri olduqdan sonra onun milli köklərimizə, vətənimizə bağlı mövqeyi daha da fəallaşdı. Heydər Əliyev qarşısına respublikamızın təhlükəsizliyini təmin etmək vəzifəsi ilə yanaşı, orqanlarımızın milliləşməsi vəzifəsini də qoydu və bunu böyük ustalıqla yerinə yetirdi. Mərkəzi İdarəçiliyin qatılığına və nəzarət məngənəsinə baxmayaraq Heydər Əliyev milli kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsi ilə məşğul oldu və neçə-neçə peşəkar kadrlar yetişdirdi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar isə əməkdaşlar üçün əsl örnək, əsl peşəkarlıq məktəbi oldu. Heydər Əliyev Azərbaycanın rəhbəri olduqdan sonra təhlükəsizlik orqanının, bu orqanın əməkdaşlarının nüfuzu daha da artdı. Ovaxtkı Dövlət Təhlükəsizlik Komitəsi rəhbərinin dövlət rəhbəri təyin edilməsi minlərlə azərbaycanlı gəncdə bu orqanda işləmək həvəsi, Heydər Əliyevə oxşamaq arzusu yaratdı. Heydər Əliyev rəhbər təyin olan kimi yüzlərlə gənci Sovet İttifaqının şəhərlərinə təhsil almağa yola saldı. Heydər Əliyev həmin gəncləri təkcə təhlükəsizlik orqanları üçün deyil, Azərbaycanın xalq təsərrüfatının bütün sahələri üçün hazırlayırdı. Heydər Əliyev öz soyuqqanlılığı, iti təfəkkürü və vətənə bağlılığı ilə seçilirdi və bu plan da hamı üçün nümunə idi. Bu gün də Ulu öndərin həyatı hamı üçün, xüsusən də gənclər üçün, o cümlədən təhlükəsizlik orqanlarında çalışan gənc əməkdaşlar üçün örnək olmalıdır".

Ə.Dadaşov bildirib ki, bu gün Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan gənclər vətənin müdafiəsinə daim hazır olmalı və canlarından keçməyi bacarmalıdırlar:

"Bu gün Heydər Əliyev məktəbinin ən layiqli davamçıları Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadır. Bu insanlar yorulmaq bilmədən Azərbaycanın çiçəklənməsi naminə tariximizə yeni zəfər səhifələri yazıblar. Biz hamımız bu fədakar insanların ətrafında sıx birləşməliyik, onların beynəlxalq aləmdə çox gərgin şəraitdə apardığı daxili və xarici siyasəti dəstəkləməliyik və bütün qüvvələrimizi səfərbər etməliyik".

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev bildirib ki, tədbiri keçirməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindəki əvəzsiz rolu və Heydər Əliyevin fədakarlıq məktəbini keçən şəxslərin xatırlanmasıdır: "Heydər Əliyev təkcə xüsusi xidmət orqanları üçün deyil, ümumilikdə dövlət, millət üçün çalışırdı. Heydər Əliyev Azərbaycan naminə çalışdı. Bu gün Heydər Əliyevin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində də Azərbaycan sürətlə inkişaf edir".

Tədbirin sonunda "Ulu Öndər" filmi nümayiş olunub.

Son.az