Nazir müavini: “Plastik məmulatlardan imtina edilməsi mərhələli şəkildə aparılacaq” FOTO


Digərləri 07 Fev 2019 12:15:00 278 0

Nazir müavini: “Plastik məmulatlardan imtina edilməsi mərhələli şəkildə aparılacaq”  FOTO

Son.az ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin report-a müsahibəsini təqdim edir:

- Firdovsi müəllim, plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılması məsələsi cəmiyyətin hazırda ən çox maraq göstərdiyi mövzudur. Bu istiqamətdə alternativ məhsullarla bağlı hansı tədbirlər nəzərdə tutulub?

- Nazirlik plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılmasının tərəfdarı və təşəbbüskarıdır. Sellofan torbalar alternativləri, yəni kağız, parça, kətan torbalar və həsir zənbillər ilə əvəzlənilməlidir. Bu istiqamətdə alternativ materialların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə "Tədbirlər Planı" hazırlanıb, müvafiq qurumlarla razılaşma mərhələsindədir. Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb. "Tədbirlər Planı" qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq.

Beynəlxalq təcrübə bu torbaların ödənişli olmasından sonra onlara olan tələbatın böyük həcmdə azaldığını göstərir. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Birinci növbədə, hesab edirik ki, insanlar özü könüllü olaraq, bunun zərərli tərəflərini başa düşərək polietilen qablaşdırmadan imtina etməlidir.

- Yəni geniş təbliğata ehtiyac var...

- Əlbəttə, plastik məmulatlardan imtina edilməsi məncə birdən-birə baş verməyəcək, bu iş mərhələli şəkildə aparılacaq. Ona görə söhbət tədricən imtinadan gedir və bunun üçün güclü təbliğat aparılmalıdır ki, bütün əhali plastik qablaşdırmanın həm sağlamlığa, həm təbiətə vurduğu zərərləri öyrənsin, insanlar könüllü olaraq bundan imtina etsin. Nazirlik tərəfindən belə bir təbliğat kampaniyasına 6 aydan artıqdır ki, başlanıb. Zərərli və təhlükəli tərəfləri barədə insanları vaxtaşırı məlumatlandırmağa çalışırıq. Biz, əvvəlcə plastik tullantıların pərakəndə şəkildə atılmasının, ətrafa səpələnməsinin qarşısını almaq məqsədilə onun bir yerdə toplanması və çeşidlənməsi məsələsini qaldırdıq. Əhalinin də bu işlərə cəlb olunması üçün nazirliyin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, bugünədək ümumilikdə 37 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 153-dək konteyner yerləşdirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb. Sag olun, mətbuat da bu işdə bizə dəstək olur.

- Payızda keçirilən ağacəkmə kampaniyasını necə qiymətləndirirsiniz? İnsanların ağacəkməyə meyli necədir?

- İctimaiyyətdə bu həssas məsələyə münasibət yaxşı mənada formalaşıb. Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Nazirlik tərəfindən 2018-ci ilin payız ağacəmkə kampaniyasında müxtəlif devizlər altında aksiyalar keçirildi. "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkildi. "Hər ailə ağac əksin", "Bir şagird bir ağac əksin və qorusun" devizləri altında keçirilən aksiyalarda isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanıldı.