Sətəlcəm qızılca xəstəliyində ən çox rast gəlinən ağırlaşmalardan biridir


Digərləri 06 Fev 2019 23:25:00 300 0

Sətəlcəm qızılca xəstəliyində ən çox rast gəlinən ağırlaşmalardan biridir

Son vaxtlar dünyanın müxtəlif yerlərində əhali, xüsusilə uşaqlar arasında yayılmağa başlayan qızılca yüksək kontagioz xəstəlikdir. Bir faktı göstərmək kifayətdir ki, 2015-ci ildə dünyada 73, 4 min nəfər qızılca nəticəsində həyatını itirib.

Son.az bildirir ki, AZƏRTAC-ın müxbiri Bakıdakı 26 nömrəli Birləşmiş Uşaq Xəstəxanası uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova ilə xəstəliyin əlamətləri, ondan qorunmaq yolları və müalicəsi barədə söhbət edib.

Həkim deyib: "Kəskin yoluxucu virus xəstəliyi olan qızılca ilə bütün yaşlarda xəstələnmə olur, adətən 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılır. Əgər ana qızılca keçiribsə, körpə üç ay ərzində anadan keçmiş passiv immunitetlə əlaqədar qızılca ilə xəstələnmir. Passiv immunitet uşağın yaşı artdıqca azalır, doqquz aydan sonra isə itir. Ana qızılca keçirmədikdə körpə öz həyatının ilk günlərində də qızılcaya yoluxa bilər.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır".

Həkim-infeksionist xəstəliyin əlamətləri barədə danışarkən deyib: "Qızılca xəstəliyin əlamətləri özünü mərhələlərlə göstərir. İlk iki gün burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, işiğa baxa bilməmək, göz ağrısı və öskürək olur. Üçüncü gün ağız içində ağ nöqtə şəklində ləkələr yaranır və həmin ləkələr diaqnoz zamanı xüsusi əhəmiyyət daşiyir. Həmin əlamətlərdən sonra dördüncü gün dəridə səpgilər meydana gəlməyə başlayır. Səpgilər əvvəlcə alın və boyun bölgəsində əmələ gəlir, sonra tədricən bədənə yayılır, yüngül qabarıq və qırmızı olur. Bəzən başqa agirlaşmalara, məsələn, orta qulaq iltihabı, beyin iltihablaşması, sətəlcəm və s. səbəb ola bilər. Xüsusilə qızılca keçirən körpə uşaqlarda orta qulaq iltihabı əmələ gələ bilər. Sətəlcəm qizilca virusunun ən çox rast gəlinən agırlasmalarından sayılır və onun uşaqlarda həyati riski böyükdür".