Avstriyada hər il orta hesabla 41 min nəfərdə xərçəng xəstəliyi aşkar edilir


Dünya 06 Fev 2019 21:50:00 234 0

Avstriyada hər il orta hesabla 41 min nəfərdə xərçəng xəstəliyi aşkar edilir

Dünya Xərçənglə Mübarizə Günü münasibətilə Avstriya Federal Səhiyyə Nazirliyi ölkədə xərçəng xəstəliyi ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər il bu ölkədə 41 min nəfərə xərçəng xəstəlikləri diaqnozu qoyulur, 20 min pasiyent isə bu xəstəliklərdən dünyasını dəyişir. Bununla da Avstriyada ölüm hallarının dörddəbiri xərçəng xəstəliklərinin payına düşür və qan-damar xəstəliklərindən sonra bu ölkədə ən geniş yayılmış xəstəlik sayılır.

Bununla belə pasiyentlərin sağalma və ömür həddinin uzadılması da qeydə alınıb. 1989-cu ildə prostat xərçəngi müəyyən edilən xəstələrin 74 faizi diaqnoz qoyulduqdan sonra 5 ildən artıq ömür sürürdüsə, 2013-cü ildə bu rəqəm 92 faizə yüksəlib. Qadınlarda ən geniş yayılmış döş vəzi xərçəngində müvafiq göstəricilər 1989-cu ildə 74 faizdən 2013-cü ildə 87 faizədək yüksəlib.

Xərçəng xəstəliyi bəşəriyyətin ən qorxunc bəlaları sırasında dayansa da, müasir təbabətdə xəstəliyin vaxtında aşkarlanması, yeni müalicə üsulları və yeni dərmanlar bu xəstəliyə qarşı effektiv mübarizə aparmağa şərait yaradır. Hətta bir çox həkimlər hazırkı dövrü xərçənglə mübarizənin "qızıl dövrü" də adlandırırlar.