Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir FOTO


Digərləri 06 Fev 2019 21:56:00 229 0

Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir  FOTO

Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi qeyri-neft sektorundan gələn gəlirləri artırır, ölkənin iqtisadi potensialını möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, ölkəyə gəliş-gediş, o cümlədən viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Ölkəmizə turist axını özünü maliyyə statistikasında da göstərir. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər plastik kartlar vasitəsilə 1 milyard 119 min manatlıq bank əməliyyatlarını həyata keçirib. Əməliyyatların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon manat və ya 28 faiz artıb.

Ötən il bütün dünyadan olan turistlər 1,4 milyard xaricə səfər ediblər ki, bu da bir il öncəki göstəricidən 6 faiz çoxdur. Bu barədə BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Təşkilatın məlumatına görə, 2018-ci il turizm sahəsi üçün son səkkiz ilin ən uğurlu göstərici olub. UNWTO-nun proqnozuna əsasən, bu göstəriciyə 2020-ci ildə nail olmaq nəzərdə tutulurdu. Turistlər Orta Şərqə (+10 faiz) və Afrikaya (+7 faiz) daha çox səfər etməyə başlayıblar. Asiya-Sakit Okean regionuna və Avropaya səfərlərin sayı isə 6 faiz artıb. Ötən il Avropada xaricə səfər edən turistlərin sayı 713 milyona çatıb. Asiya-Sakit Okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika ölkələrində isə 217 milyon turist qeydə alınıb.

2018-ci ildə Azərbaycana gələn 2 milyon 850 min turist 2 milyard dollara yaxın pul xərcləyib

Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır.

Bildiyiniz kimi, son illərdə ölkəmizə üz tutan turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib.

Prezident vurğulayıb: "Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək".

Bu gün dünyanın hər tərəfindən ölkəmizə turist gəlir


Xəbərə aid fotolar