Qubada müəllim işləyən bakılı qız VİDEO FOTO


Digərləri 06 Fev 2019 21:20:00 305 0

Qubada müəllim işləyən bakılı qız  VİDEO  FOTO

Quba rayonunun ümumtəhsil məktəblərində son illər fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında 3 mindən çox pedaqoq şagirdlərə elmin sirlərini öyrədir. Onlardan 120 nəfəri ötən il müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq Qubaya işləməyə gələnlərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı şəhərindən olan gənc müəllim Nigar Bəşirova artıq ikinci tədris ilidir ki, Quba rayonundakı İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində çalışır.

Gənc pedaqoq Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, yolun uzaqlığının onun üçün ciddi çətinlik yaratmadığını deyir. Doğma şəhərindən uzaqda müəllimlik etməsi ilə qürur duyur.

"Şəhərdə böyümüş bir qız üçün yeni bir mühitə uyğunlaşmaq istər-istəməz müəyyən çətinliklər yaradır. Amma səbir və inamla istənilən problemin öhdəsindən gəlmək mümkündür. Müəllimlik müqəddəs, eyni zamanda, yaradıcı işdir. Müəllimlik peşəsi məsuliyyət tələb edir. Xüsusilə də biz gənc müəllimlər daha diqqətli olmalıyıq. Çünki biz cəmiyyətimizin sabahı olan nəsillə işləyirik və səhvə yol verməməliyik", - deyə N.Bəşirova bildirir.

Gənc müəllim tarix fənnini fərqli üslubda tədris edir. Onun sözlərinə görə, bunun sayəsində şagirdlər bu dərsə böyük maraq göstərirlər. Nigar Bəşirova bütün bacarıq və istedadından istifadə edərək şagirdlərinə tarix fənnini sevdirməyi bacarıb.


Xəbərə aid fotolar