Elvin Yunuszadə: "Sabah"a 3-4 oyuna görə keçməmişdim"


İdman 06 Fev 2019 19:37:00 275 0

Elvin Yunuszadə: "Sabah"a 3-4 oyuna görə keçməmişdim"

Qış fasiləsində "Sabah" komandasından "Səbail"ə keçən futbolçu Elvin Yunuszadə "Report"un suallarını cavablandırıb. 

Goal.az müsahibəni təqdim edir...

- "Səbail"ə keçidinizdə bu komandanın avrokuboklara iddialı olması, "Sabah"da isə belə bir imkanın bu il olmayacağı faktı nə dərəcədə rol oynadı?

- Deməzdim ki, "Səbail"ə keçidimdə sırf hansısa amil rol oynadı. Oturub fikirləşdim, yaxınlarımla məsləhət etdim və hazırkı variantda ən uyğun variantın "Səbail"ə keçməkdən ibarət olduğu qənaətinə gəldim. Ona görə də "Sabah" rəhbərliyi ilə danışdım və klubumu dəyişdim.

- Yeni komandanızda elə ilk rəsmi görüşdəcə "Keşlə"yə səfərdə qol vurdunuz. Müdafiəçi olsanız da, karyeranız ərzində deyəsən az qol vurmamısınız...

- Hər şeydən öncə sevindirici haldır ki, qol vuraraq komandama köməklik edə bildim. Müdafiəçi olaraq hər şeydən əvvəl komandanın arxa xəttinin toxunulmazlığını saxlamağı düşünməliyəm. Bizim birinci işimiz qol buraxmamaqdır. Belə qollar da vursaq, bu, ikiqat sevindirici haldır.

- "Sabah"dakı karyeranız qısa alındı. Bunun səbəbi nədir?

- Mən "Sabah"la müqaviləni çempionatın başa çatmasına 3-4 tur qalmış bağlamışdım. Oturdum və özüm üçün də fikirləşdim. Avroliqa məsələsi də hardasa məni cəlb etdi. "Sabah"dan getməyim özümə daha məsləhətli gəldi.

- Hansı andan sonra bu barədə fikirləşməyə qərar verdiniz?

- Kənardan bəzi söz-zöhbətlər eşidirəm və bu barədə mənə də suallar veriblər. Futboldan kənar heç bir problem və ya səbəb olmayıb. "Sabah" rəhbərliyinə və baş məşqçi Elşad Əhmədova da böyük hörmətim var. Nə vaxt qarşılaşsaq, həmişəki kimi hörmətimizi saxlayırıq.

- Elşad Əhmədov özü məlumat vermişdi ki, zədəli olduğunuza görə komandadan getmisiniz...

- Düzü, həmin vaxt zədəm var idi. Amma sırf belə bir problem olmayıb. Öz məsləhətim belə oldu ki, "Səbail"ə keçsəm bu, mənim gələcəyim üçün daha məqsədəuyğun olar.

- Bəs "Səbail"ə keçməyi əvvəldən niyə düşünmürdünüz?

- Həmin vaxt "Sabah"la danışdıq. Klubdan təklif gəldi, mən də qəbul etdim. O vaxt bizim "Səbail"lə söhbətimiz olmamışdı.

- 3-4 tur gözlədikdən sonra "Səbail"in təklifini dəyərləndirmək olmazdı?

- Həmin vaxt elə bir vəziyyət idi. "Qarabağ"dan ayrılandan sonra hardasa 4 ay futbol oynamamışdım. Bu səbəbdən, hansısa komandada olmağım özüm üçün də üstünlük idi. Əks halda, get-gedə futboldan uzaqlaşırdım. Belə bir vaxtda "Sabah"dən təklif gəldi. Burada futbolçuların çoxu uzun müddətdir tanıdıqlarımdır. Elşad müəllimi də tanıyıram. "Sabah"a keçməyi təklif etdilər, mən də qəbul etdim. O fikirlə gəlməmişdim ki, 3-4 oyuna çıxım və sonra gedim. Sonradan götür-qoy etdim və "Səbail"dən təklif gəldi. Mən də öz gələcəyim üçün və Avroliqa amilinə görə bu addımı atdım. Bütün bunlar fikrimizi o kluba yönəltdi.

- Son vaxtlar karyeranızda sanki eniş hiss olunur. Ötən il milli komandanın düşərgəsində baş vermiş olaydan sonra bu, özünü daha çox büruzə verir. Karyeranızdakı belə halların yaşandığını nə ilə izah edə bilərsiniz?

- Hər hansı futbolçu uzun müddət uzaq qalırsa, bu, hər bir oyunçuya pis təsir edir. "Qarabağ"la müqaviləm başa çatandan sonra Avropa məsələm var idi. Xarici komandalardan 4-5 real təklif də oldu. Türkiyə Super Liqası komandası ilə danışıq aparırdım. Ona görə də o birilərini rədd etdim. O komanda ilə də məsələmiz alınmadı. Ona görə də 4-5 ay boşda qaldım. Hər hansı futbolçu bu qədər futbolsuz qalsa, istər-istərməz enişə getməlidir. Amma indi məşqlərə başlamışam. Can-başla məşq edirəm ki, əvvəlki formamı tam olaraq qaytarım.

- Sizə təklif göndərən komandanın adını deyə bilərsiniz?

- Yunanıstan, İsveçrə və Polşa komandaları var idi. Hamısı yüksək liqa təmsilçiləri idi.

- Üç komandadan təklif gəlsin, amma heç biri alınmasın. Bu, necə ola bilər?

- Bunların hamısı real təkliflər idi. Amma mən Superliqa klubuna keçməyi daha çox istəyirdim. Digərlərinə "yox" cavabı verdikdən sonra Türkiyə təmsilçisi ilə də işimiz pozuldu. Bundan sonra o biri ölkələrin klubları da məni gözləyəsi deyildilər. Ona görə də alınmadı. Superliqa komandası ilə də məsələm uzandı.

- Milli komandada çıxış etdiyiniz vaxt Qurban Qurbanov sizi "18-liy"ə daxil etmədi. Sonradan məlum oldu ki, səbəb məşqə gecikməyiniz olub. Bu necə baş vermişdi?

- İndiyənə kimi yadımdadır. Araz Abdullayevlə mən toplantıya gecikdik. Ona görə də Qurban müəllim bizi cəzalandırdı. Bu qərara hörmətlə yanaşdıq. Yatıb qalmışdıq. Toplantıya isə 5 dəqiqəyə yaxın gecikdik. Baş məşqçi də bizi cəzalandırdı.

- Bu qədər sadə bir şeydir?

- Xeyr. Əlbəttə sadə deyil. Biz gecikməməliydik. Yatıb qalmışdıq və biz də istəməzdik ki, belə bir hal baş versin. Burada diqqətsizlik etdik. Bizim öz səhvimiz idi.

- Bu səhv sizin karyeranıza təsir etdimi? "Qarabağ"la vidalaşdınız və milli komandaya dəvət almadınız. Uzun müddət klubsuz qaldınız. Beş dəqiqə gecikmək çox təsir etdi?

- Belə deməzdim. Çünki millidən sonra "Qarabağ"da oyunlara da çıxdım. Bir oyun əvəzedici komandada oldum. Sonra isə qayıtdım və yenə əsas heyətdə meydana çıxdım. O hadisə isə unuduldu və keçdi getdi.

- İndi isə hazırda çıxış etdiyin "Səbail"dən danışaq. Komandanın doğurdanmı avrokuboklara vəsiqə qazanmaq şansı və bu turnirdə uğurla çıxış etmək potensialı varmı? Siz artıq bu təcrübəyə sahibsiniz və avrokubokların qrup mərhələsində də çıxış etmisiniz.

- Hər şeydən əvvəl "Səbail"də gözəl əhval-ruhiyyə var. Burada gözəl kollektiv var. İnsan kimi insan baş məşçimiz var. Aftandil Hacıyev bizə həm insan, həm də məşqçi kimi dəstək olur. Hər zaman bizim yanımızdadır. Bunların hamısı böyük faktdır. Biz özümüz də inanırıq ki, avrokuboklara vəsiqə qazanmaq potensialımız böyükdür. Amma hələ bunu təmin etməmişik. Çempionatın sonuna kimi bunun üçün mübarizə aparacağıq.

- "Səbail"də təcrübəli futbolçular var. Baş məşqçiniz isə gəncdir. Təcrübəli oyunçuların istər-istəməz öz kaprizləri olur. Gənc mütəxəssis bunların öhdəsindən necə gəlir?

- Aftandil müəllim elə bir insandır ki, məşqçiliyini bir qırağa qoyaq... Düşünürəm ki, onunla yola getməmək mümkün deyil. Ən kaprizli, təcrübəli oyunçu da Aftandil müəllimlə dil tapır. Onun bu xüsusiyyətləri məşqçiliyi üçün də müsbət haldır. Hər bir oyunçunu anlamağa çalışır və başa düşür. Çalışır ki, oyunçu futbol oynasın.

- Məşqə gecikdiyinizə görə Qurban Qurbanov açıqlama vermişdi ki, əvvəllər də belə hallar olub və sizi bir neçə dəfə bağışlayıb. Bu, sizin üçün "Səbail" karyeranızda bir dərs olubmu?

- Belə səhvlər olur. Mən də çalışmalı idim ki, belə səhvlərə yol verməyim. Bundan sonra belə səhvlərin təkrarlanmaması üçün əlimdən gələni edəcəyəm.

- Hələ ki, o qədər də çox yaşınız yoxdur. Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?

- Bu mövsüm ən azı çempionatın sonuna kimi "Səbail"in ən yaxşı pilləyə qalxması üçün çalışmalıyıq. Fikrim odur ki, Avropada çıxış etmək istəyirəm. Hər şeydən öncə "Səbail"in yaxşı pillədə yer almasına kömək etməliyəm. Çalışıb avrokuboklara vəsiqə qazanmalıyıq. Ondan sonra biz də özümü elə göstərməliyik ki, Avropadan da bizə istək olsun.

- Məqsəd "Səbail"lə Avropada çıxış etməkdir, yoxsa Avropanın hansısa komandasında oynamaq istəyirsiniz?

- "Səbail"lə müqaviləm var. Mən klubun nəticələri üçün çalışıram. Amma gələcəkdə özüm də Avropa klublarında çıxış etmək istəyirəm. Ondan öncə isə "Səbail"in Avropada çıxış etməsi üçün çalışacağam.