Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olub


Digərləri 06 Fev 2019 15:48:00 236 0

Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən R.Vəliyev sərbəst ifadə verib. O söyləyib ki, taksi sürücüsü olub, 2011-ci ildə Türkiyə vətəndaşı Əli Can adlı şəxslə tanış olub: "O, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Qlobal karqo" şirkətində işləyirdi. Əli Can bir neçə dəfə mənim maşınıma müştəri kimi əyləşib. Onu "Sədərək" Ticarət Mərkəzindən "Tarqovu"da yaşadığı evə aparıb-gətirirdim. Sonra Əli Can mənə şəxsi telefonunu verdi, ancaq onunla zəng etməyimi istədi. Həmin telefonla başqa nömrələrə zəng etmək mümkün deyildi. 2011-2015-ci illər arasında işim ondan ibrət idi ki, Əli Canın pullarını banklara aparım".

Məhkəmədə elan olunub ki, R.Vəliyev banka bir dəfəyə 6 milyon manata qədər nağd pulu aparıb, xarici şirkətlərin adına göndərib.

R.Vəliyev qeyd edib ki, həmin pulları banka tək aparmayıb, 9 şirkətin direktoru olub: "Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan MMC-dən pulları xarici şirkətlərə göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim, 9 şirkəti isə tanışlarımın adına açdırdıq, mən onların direktoru olmuşam. Həmin şəxslərdən 3-ü xarici vətəndaş, biri isə digər tanışım Vüqar Osmanov idi. Vergi yoxlamalarını da mən aparırdım. Bu işlərdə Malik mənə köməklik edirdi. Əli Can mənə hazır sənədləri verirdi, mən də pulla banka aparırdım".

Hakim bildirib ki, R.Əliyevin direktoru olduğu şirkətlərin təsisçilərinin imzaları da onun özünün olub.

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, pulların xarici şirkətlərin adına köçürülməsi üçün əvvəl "Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filalının rəhbəri ilə danışıb: "Mən ona bu barədə danışdım. Sonra filial rəhbəri bankın Müşahidə Şurasının üzvü Azər Mövsümovun razılığı olduğunu bildirdi. Bank əməkdaşlarının istintaqa verdikləri ifadələri yalandır".

Məhkəmədə elan olunub ki, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulun ölkədən "Azəriqazbank"la 4 milyardı və digər məbləğlər isə Beynəlxalq Bank, həmçinin "Yunayted Kredit Bank"la köçürülüb.