Azərbaycan: Ərə gedən bir uşaq FOTO


Digərləri 05 Fev 2019 21:52:00 241 0

Azərbaycan: Ərə gedən bir uşaq  FOTO

Vəfa Hümbətova Azərbaycanda son illərdə nikah yaşı tamam olmadan ərə verilmiş, təxminən, 28 min qızdan biridir.

17 yaşında ərə getmiş Vəfa deyir ki, o, ailə həyatı barədə həm məlumatsız, həm də hazırlıqsız olub. O düşünürmüş ki, ər evi onu ağır təsərrüfat işlərindən və yoxsulluğun gətirdiyi problemlərdən azad edəcək.

Son.az BBC Azərbaycan-a istinadən bildirir ki, Lakin gözlədiyi kimi alınmayıb. Kasıblıq ər evinədək onu kölgə kimi izləyib.

"Atam evində hər gün sahələrə alağa gedirdim. Düşünürdüm ki, müvəqqətidir, ailə qurandan sonra mənə ərim baxacaq, bir də belə ağır işlər görməyəcəm. Ancaq belə olmadı", Vəfa deyir.

"Hamilə olduğumu 4-cü ayda bildim"

İmişli rayon sakini Vəfa Hümbətova ərə getdiyi il hamilə qalıb. Bu da onun üçün gözlənməz olub.

Vəfa Hümbətova özü 17 yaşında ərə getməsinə baxmayaraq, qızların erkən ailə qurmasına qarşıdır. Deyir ki, ən böyük arzusu qızlarını oxutmaqdır.

"Savadım olmayıb. Ümumiyyətlə, anam bizi çox avam böyüdüb. Elə ona görə hamilə olduğumu 4 ay sonra bilmişəm. İmkansızlıqdan anamgillə gediş-gəliş də olmayıb ki, ondan nəsə öyrənəm..."

İlk hamiləliyindən xəbərsiz olan Vəfanın halı pisləşəndə elə bilib, sadəcə xəstədir. Həkimə aparılarkən xəstəxanada məlum olub ki, beş aydan sonra uşağı doğulacaq.

Bundan sonra hamiləliyi boyunca Vəfa bir dəfə də tibbi müayinəyə getməyib.

İlk uşağının doğuşu çətinliklə baş tutub və üç gün xəstəxanada qalıb; o qədər xərcləri çıxıb ki, Vəfa qızını evdə doğmadığına peşman olub.

"Uşağı xəstəxanada verdilər qucağıma. İnanın, özümü ana kimi hiss edə bilmirdim. İçimdə sevinc yox, kədər vardı. Camaat ana olduğuna sevinirdi. Mən isə ailəni xərcə saldığıma görə üzülürdüm. Fikirləşə-fikirləşə qalmışdım ki, necə böyüdəcəm, ehtiyaclarını necə ödəyəcəm... Elə bil Allah məni cəzalandırdı. İki ay sonra uşağın bədəni yara tökdü, öldü. Sonradan dedilər ki, həkimə aparsaydın, belə olmazdı".

"Bu həyatı yuxumda görsəydim, inanmazdım. Allah imkan yetirə, qızlarımı oxudam, mənim kimi olmayalar", - deyir 25 yaşlı Vəfa Hümbətova.

Vəfa 18 yaşı olanda ikinci qızını dünyaya gətirib. Bir müddət sonra üçüncü uşağa hamilə qaldığı ortaya çıxanda isə ailədə narazılıq yaranıb - başqa bir qarın doydurmağa imkan olmadığı üçün. Lakin hamiləliyin 6-cı ayı abort üçün gec idi.

"Bu dəfə qorxumdan uşağı 10 günlüyündə həkimə apardım. Dedilər, ürəyində yırtıq var. Pulsuzluqdan Bakıya normal həkimə apara bilmədik. Elə ara həkimlərinə, türkəçarəçilərə göstərdik. Onun da xeyri olmadı, 4 aylığında öldü. Kədərdən ciyərlərim xəstə düşdü. Bu günədək müalicədəyəm. 25 yaşımda yarımcan olub, oturmuşam".

Bununla belə, qısa müddətdən sonra Vəfa yenə hamilə qalır. Hazırda onun iki qızı var - biri 7, digəri 2 yaşında.

Həm evdə, həm də sahədə işləyir Vəfa. Aylıq 200 manatı keçməyən gəlirlə 2 uşaq böyüdür.

Vəfa əri və 2 uşağı ilə birlikdə qaynatasıgillə birgə yaşayır. Həyat yoldaşının qardaşı da onlarla bir evi bölüşür. Beləliklə, 3 otaqlı evə 10 nəfər sığışıb.

Səhhəti əl vermədiyi üçün Vəfa işləyə bilmir, ona görə də ailə gözünü toyuq sexində işləyən ərinin qazancına dikib. Deyir, elə olur ki, aylarla maaş ala bilmir.

İndi Vəfanın ən böyük istəyi odur ki, qızlarını oxuda bilsin. "Mən bu həyatı yuxumda görsəydim, inanmazdım. Allah imkan yetirə, qızlarımı oxudam, mənim kimi olmayalar".

Erkən nikahlar adətən ailələrin istəyi və təkidilə baş tutur. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər.

Onlar bir evdə 10 nəfər yaşayırlar. 6 böyük, 4 uşaqla birgə 3 otağa yerləşiblər.

"53 kilodan 95 kiloya qədər çəki artırdım"

18 yaşlı digər İmişli sakini Əzizə Əliyeva bir vaxtlar müəllimə olmaq arzusunda imiş. Lakin məktəbi buraxmalı olub, çünki 15 yaşında "həri"si verilib, bir il sonra isə toyu olub.

Əzizənin əri anasının dayısı oğludur, onlar tanış olanda Əzizə 13 yaşında idi.

"Bizə gəlib gedirdilər. Onda görmüşdük bir-birimizi. Xoşum gəlirdi, sən demə, onun da məndən xoşu gəlirmiş. Sevmək, nişanlanmaq mənə maraqlı gəlirdi. Ancaq evliliyin çətinlikləri, hamiləlik haqqında düşünmürdüm. Nə də mənə bunu kimsə izah etmişdi. Hələ onda 13 yaşım var idi", Əzizə xatırlayır.

18 yaşlı Əzizənin bir zamanlar müəllimə olmaq arzusu var idi. Amma məktəbə yox, ərə getməli olub.

Əslində valideynlər gəncləri belə erkən evləndirməyi nəzərdə tutmayıbmış: nişan mərasimindən sonra ailələr gözləyirmişlər ki, maddi vəziyyətləri düzəlsin, ondan sonra toy etsinlər. Lakin həmin vaxt 22 yaşında olan nişanlısı qərar verib ki, gözləməyin mənası yoxdur.


Xəbərə aid fotolar