25 dövlət orqanında vakant yerlərlə bağlı müsabiqə başlayır


Digərləri 05 Fev 2019 15:39:00 189 0

25 dövlət orqanında vakant yerlərlə bağlı müsabiqə başlayır

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 25 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (89 vəzifə) və B (605 vəzifə) növünə aid olan 694 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. DİM-dən Trend-ə verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcəkdir. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 7 mart 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.