"Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi"


Digərləri 04 Fev 2019 23:45:00 228 0

"Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi"

Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi bütün xalqın, xüsusən klassik ədəbiyyatla məşğul olan hər bir vətəndaşın, hər bir ziyalının ürəyincədir. Nəsimi XIV əsr Azərbaycan ədəbi dilinin və ədəbiyyatının ən nəhəng şairidir. Nəsimi elə bir dövrdə ana dilimizdə yazıb yaratdı ki, o zamanlar ərəb dili elmi dil kimi, fars dili poeziya dili kimi Yaxın və Orta şərqdə, eləcə də Azərbaycanda hakim idi. Ana dilində yazmaq böyük istedadla bərabər, həm də görünməmiş cəsarət tələb edirdi. Bu mənada dahi Nəsimi həm də Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi.

Son.az bildirir ki, bunu AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, professor Sevil Mehdiyeva deyib.

Onun sözlərinə görə, Nəsimi XIV əsrin sonlarında vətəni Azərbaycana, ümumən qoca Şərqə bir günəş kimi doğdu. Onun şöhrəti nəinki vətəni Azərbaycana ümumən bütün Şərq ölkələrinə yayıldı: hamı onu sevdi, bütün Şərq ölkələrində Nəsimi pərəstişkarları, onun dərin məzmunlu poetik xəzinəsindən bəhrələnənlər, hətta onu təqlid edən yüzlərlə "şair-nəsimianlar" yarandı, lakin heç kəs Nəsimi istedadını qazana bilmədi və Nəsimi qəhrəmanlığı səviyyəsinə qalxa bilmədi. Yalnız Nəsimi dühasının ətrafında fırlandılar!