Fevralın 4ü Dünya Xərçəng Əleyhinə Mübarizə Günüdür


Digərləri 04 Fev 2019 21:02:00 327 0

Fevralın 4ü Dünya Xərçəng Əleyhinə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

Onkoloji xəstəlik həmişə faciədir. Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kansoregen maddələrlə zəngın olan maddələrlə təmasdan uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.