Bakı XX əsrin 7080ci illərində


Digərləri 04 Fev 2019 20:04:00 519 0

Bakı XX əsrin 7080ci illərində

XX əsrin 70-80-ci illəri Bakıda şəhərsalma və memarlıq sahəsində dönüş nöqtəsi olub. 70-ci illərdə Bakının ilk beş mikrorayonuna daha dördü əlavə olunub. 

Son.az oxu.az-a istinadən bildirir ki, yaşayış binalarının və ictimai binaların nomenklaturasının genişlənməsi mikrorayonların memarlıq obrazını müasirləşdirməyə imkan verib. Geniş və yaşıl həyətli doqquzmərtəbəli binaların yerləşdiyi yığcam yaşayış massivləri salınıb.

Şəhərin ən iri yaşayış rayonlarından biri Bakının şərqində salınıb. 400 min nəfərin məskunlaşması üçün nəzərdə tutulan bu massivdə aparılan intensiv tikinti işləri qısa müddətdə abad və müasir yaşayış rayonu yaratmağa imkan verib və minlərlə bakılı pulsuz mənzillər alıb.

Mənzil tikintisinin geniş miqyas alması şəhər ərazisinin abadlaşdırılması, uşaq müəssisələri şəbəkəsinin, xəstəxanaların, poliklinika və kinoteatrların tikintisi ilə müşayiət olunub.

Kütləvi yaşayış tikililəri bu illərdə öz səviyyəsinə görə əvvəlki illərə nisbətən daha yüksək idi. Sənaye tikililərinin inkişafı yaşayış evlərinin tipik layihələr əsasında metodologiyasını mükəmməlləşdirib və məsələlərin kompleks həllini nəzərdə tutan memarlıq-konstruktiv və texnoloji sistem hazırlanıb.

Qeyd edək ki, məhz bu dövrdə memarlıqda plastik və obrazlı ifadəliliyin yeni üsullarının axtarışı başlanır. Bu, hər şeydən əvvəl ictimai və yaşayış binalarının xarici görünüşündə öz əksini tapıb.

Həmin dövrdə eyvanların, şüşəbəndlərin və gündən qoruyucu qurğuların tərtibatında zavod üsulu ilə hazırlanmış elementlərdən istifadə olunub. Bu elementlərin üzərində Azərbaycan milli memarlığına xas olan naxışların təkrarlanma üsulları tətbiq edilib.