Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb


Siyasət 04 Fev 2019 18:50:00 302 0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  sərəncamda deyilir:

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Son.az