Cəfər Cabbarlının ev muzeyi ilə bağlı


Kriminal 04 Fev 2019 18:19:00 254 0

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı

Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu üçün məsələ ilə bağlı yayılmış məlumatlara Baş İdarənin rəisi Cəlil Məlikov münasibət bildirib.

Son.az xəbər verir ki, Baş İdarədən Trend-ə verilən məlumata görə, ədibin Bakı şəhər, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb və 1982-ci ildə təntənəli açılış mərasimi keçirilib. Muzeydə görkəmli dramaturqun şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən nadir eksponatlar, incəsənət nümunələri qorunub saxlanılır.

1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib.

Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür.

Yaranmış vəziyyətlə əlaqədar nazirliyin 05.05.2010-cu il tarixli 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanmış və nazirliyin digər 02.09.2010-cu il tarixli 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

Baş İdarə tərəfindən dəfələrlə C.Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb ki, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın.