"Qəbələ"dən 2 debüt, ardıcıl 5-ci "quru" oyun


Digərləri 04 Fev 2019 15:04:50 228 0

"Qəbələ"dən 2 debüt, ardıcıl 5-ci "quru" oyun

“Qəbələ” futbol klubu 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib.

Bakı. “Qəbələ” futbol klubu 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib. Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib. Belə ki, Sənan Qurbanovun baş məşqçi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdır məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kubok, digərləri Premyer Liqaya təsadüf edib. Ötən ilin sonunda “Qarabağ”a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada “Keşlə” (2:1), “Səbail” (0:0) və “Sabah”la (0:0) görüşən komanda sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı. “Qırmızı-qaralar” həm də “Sumqayıt”la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. Komandamız bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin “Gənclik şəhəri” təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib.