“Belə adamları işə buraxmayın!” Baş epidemioloq “donuz qripi”ndən danışdı


Digərləri 04 Fev 2019 13:56:26 202 0

“Belə adamları işə buraxmayın!”  Baş epidemioloq “donuz qripi”ndən danışdı

Qonşu Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayının artması, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə A (H1N1) virusunun aşkarlanması ilə bağlı açıqlaması əhali arasında narahatlıqlara səbəb olub.

Son.az Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayevin vəziyyətlə bağlı modern.az-a müsahibəsini təqdim edir.

- İbadulla müəllim, Azərbaycanda epidemiloji vəziyyət hansı səviyyədədir. Bugünədək "donuz qripi"nə yoluxanlar neçə nəfərdir?

- Azərbaycanda "donuz qripi" yoxdur. Epidemiloji vəziyyət tam nəzarətdədir.

- "Donuz qripi" yoxdur deyirsiz, bəs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkədə 16 nəfərdə A(H1N1) virusunun təsdiqlənməsini necə izah edərdiz?

- Kənddə, rayonda olan insanın virusun hansı ştampda olmasının nə əhəmiyyəti var? Bu A virusunun törədicisidir, mövsümi qripdir, "donuz qripi" deyil.

- Amma qripə yoluxan insanlarda "bəlkə "donuz qripi"yəm" deyə şübhə və narahatlıqlar var. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu açıqlamasından sonra da bu narahatlıqlar artıb. Necə müəyyən edək ki, bizdəki "donuz qripi"dir, yoxsa adi mövsümü qrip? Əlamətləri necə fərqləndirək?

- Heç bir xəstə, heç bir insan bilə bilməz ki, o, hansı virusla xəstələnib. Xəstəlik yalnız laboratoriya üsulu ilə müəyyənləşdirilə bilər. Əgər hər hansı bir insan xəstəliyilə bağlı şübhələnirsə, poliklinikalara, xəstəxanalara müarciət edə bilər. Xəstəliyi müəyyən etmək üçün boğazdan yaxma götürülür və laboratoriyada müayinə olunur. Müayinə nəticələri bəlli olandan sonra insanda hansı virusun olduğu müəyyənləşir. "Donuz qripi" də "insan qripi" də, "quş qripi" də necə adlandırılmasından asılı olmayaraq, mövsümi qripdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da var, bundan sonra da olacaq. Mən dünyada olmayandan sonra da olacaq.

- Bəs A(H1N1) nə virusudur? Axı Ümudünya Səhiyyə Təşkilatı bu xəstəliyin Azərbaycanda olduğunu təsdiqlədi. Həm Gürcüstanda ölənlər də bu virusdan ölüb...

- Kütləvi müayinə aparsaq, bu gün çox adamda A(H1 N1) virusu aşkarlanar. Həmin müayinəni lap Amerikada da aparsaq, çıxacaq. Burada təhlükəli bir məsələ yoxdur. Virus təbiətdə həmişə dövr edir və orqanizmi zəif olan insanları tez yoluxdurur.

- Risk qrupuna aid olanlar kimlərdir?

- Azyaşlılar, tibb işçiləri, 65 yaşdan yuxarı olan insanlar, hamilə qadınlar risk qrupuna daxildir. Bu insanlar diqqətli olmalıdır. Həmçinin, işdə, kollektivdə xəstə olan insanların işə gəlməməsini xahiş edin. Məcburən gəlibsə belə, maska taxsın. İmkan varsa, belə adamları, ümumiyyətlə, işə buraxmayın.