Məcburi köçkünlərin yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsinə başlanılıb (FOTO)


Digərləri 04 Fev 2019 13:52:00 197 0

Məcburi köçkünlərin yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsinə başlanılıb (FOTO)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib.

Bakı. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, indiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Təkcə keçən il 5900 məcburi köçkün ailəsinə mənzil, fərdi ev verilib. Bu proses bu il də davam etdiriləcək. Fevralın 1-də, Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir”. Bu istiqamətdə ardıcıl tədbirlər görülür və atılan addımlar öz nəticəsini verməkdədir. Belə ki, Bakıda və Sumqayıtda hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Sumqayıt şəhərində uzun illərdən bəri qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə məskunlaşan köçkünlərin Abşeron rayonu ərazisində 1001 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri püşkatmada iştirak ediblər.