"Cəmiyyət sosial şəbəkələrdən suiistifadə hallarına müqavimət göstərməlidir"


Digərləri 04 Fev 2019 13:27:00 181 0

"Cəmiyyət sosial şəbəkələrdən suiistifadə hallarına müqavimət göstərməlidir"

Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir.

Son.az bildirir ki, bunu Trend-ə  açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir: "O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə - insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır".

Akademik vurğulayıb ki, Azərbaycan hakimiyyəti və şəxsən ölkə Prezidenti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin edib:

"Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə yönəlik iddiaları qətiyyətlə rədd edərək demişdi: "Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - "Feysbuk"da və "Tvitter"də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!" Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən iki ildən də artıq müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artıb. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna da heç bir vəchlə biganə qalmaq olmaz".

Millət vəkili qeyd edib ki, hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib: "Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar. Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar. Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur. Əksinə, çoxsaylı faktlar var ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilib və problemlər operativ surətdə aradan qaldırılıb. Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar".