Ailədaxili zorakılıqda


Digərləri 03 Fev 2019 23:05:00 375 0

Ailədaxili zorakılıqda

Azərbaycanda ailədaxili zorakılıqdan söhbət gedərkən adətən kişinin qadına qarşı zorakılığı ağıla gəlir. Ancaq ənənəvi  ailə institutumuz elə qurulub ki, gəlin üzərində  təkcə ərin deyil, qayınana, qayınata, qayın və baldızın da söz "hüququ" var və bir çox hallarda onlar tərəfindən də zorakılıq faktları qeydə alınır. Əsasən də qayınana-gəlin münasibətləri, obrazlı desək, bəşəriyyətin daimi problemidir. Ailədə qadının hegemonluğu, müəyyən yaşdan sonra qadının öz iradəsini diqtə etmək, idarəetmə bacarığını gəlin üzərində sərgiləmək, vaxtilə özünün yaşadığı problemləri gəlininə yaşatmaq son nəticədə ailələrin dağılmasına, bəzi  hallarda isə tərəflərdən birinin həyatını itirməsinə səbəb olur.

Son.az gencaile.az-a istinadən bildirir ki, bir neçə gün öncə sosial şəbəkələrdə ötən il intihar etmiş 3 uşaq anasının səs yazısı yayıldı və orada qadın intihar səbəbi kimi qayınanası göstərir. Həyatına son qoyan üç uşaq anası səs yazısında ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini deyir. Bəs görəsən, intihar həddinə çatdırılana qədər bir qadının zəriflik, qayğıkeşlik nümunəsi sayılan həmcinsinin zorakılığına məruz qalmasının səbəbi nədir?

Psixoloq  Azad İsazadə də təsdiqlədi ki, ailə zorakılığının kökündə bir çox hallarda qayınana-baldız faktoru dayanır: "Çox zaman kişi zorakılığının da səbəbkarı qayınana olur. Çünki hansısa işlərə ər bəlkə də fikir verməzdi. Ancaq evə gəldikdə anası tərəfindən dərhal ona məlumatlar çatdırılır ki, gəlin bunu düzgün eləmədi, cavab qaytardı, icazəsiz iş gördü və sair. Hələ psixoloji təzyiq olaraq da əlavə edir ki, sən arvadağız kişisən, heç nə edə bilmirsən. Həmin ər də bu təsir altında  əsəbləşir, ya fiziki, ya psixoloji zorakılıq törədir. Məsələni daha geniş götürsək qadın cəmiyyəti daha konservativdir. Qadın qadına qarşı daha aqressiv və bəzən də qəddar olur. Kişilər də bəzən həmin təsir altına düşə bilirlər. Qayınana-gəlin məsələsi praktiki olaraq bütün ölkələrdə hansısa formada təzahür edir".

Psixoloq səbəb kimi qısqanclıq faktını önə çəkdi: "Ana ilə oğulun emosional bağlılığı o qədər güclü olur ki, evə yeni bir qadın gəldikdə anada qısqanclıq yaranır. Evə gəlin gələnədək ana  evdə ən sevimli xanım idi. Oğul anasını hamıdan çox sevirdi. İndi bir gənc qız  gəlib və həmin sevgini qayınanası ilə bölüşür. Burada qısqanclıq və rəqabət yaranır, İstər-istəməz ana hesab edir ki, gəlin onun əziz oğluna pis baxır, yeməyini vaxtında vermir, cavab qaytarır, uşağına yaxşı baxmır. Bu kimi psixoloji amillərin üzərində qayınana-gəlin münasibəti formalaşır  və zorakılığa da gətirib çıxara bilər".