Həqiqi mömini necə tanımaq olar?


Digərləri 03 Fev 2019 21:45:00 261 0

Həqiqi mömini necə tanımaq olar?

Dinimiz bizə etməli və etməməli olduğumuz hər şeyi öyrətmişdir. Hər kim ona əməl edər - xilas olar. Bu, həkimin verdiyi reseptə bənzəyir ki, əgər xəstə ona əməl edərsə, şəfa tapa bilər.

Əgər kimsə mahir idmançı olmaq istəyirsə, bir neçə dərsə getməklə idmançı ola bilməz. Bunun üçün davamlı məşğələlərə və səyə ehtiyac vardır. Hətta bəzi insanlar nə qədər təmrin və təkrar etsələr də, istədikləri nəticəni əldə edə bilmirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam dinini qəbul edən insan da bu idmançı kimidir. İnsan ancaq şəhadətləri deməklə müsəlman olmaz. Hətta bəzi göstərişləri yerinə yetirib, bəzilərini təxirə salmaq belə, insanı həqiqi müsəlman etməz.

Ona görə də İslam dini o zaman səmərə verər ki, insan onun buyurduqlarını yerinə yetirməklə yanaşı, bu yolda səy göstərər, təmrin edər. Öz əxlaq və rəftarını islah etməyə çalışar. Nəfsini tərbiyə edər. İnsanlara xidmət edib, saleh əməllər yerinə yetirər.

Allah Təala Qurani-Kərimdə saleh əməli ən yaxşı insanların nişanəsi kimi tanıtmışdır. "Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar". ("Bəyyinə" 7).

İslamın buyurduğu ideal insanın səviyyəsinə çatmaq üçün Məsumların (ə) həyatı və əməlləri ilə tanış olub, onlardan nümunə götürmək lazımdır. O zaman ki, insanın örnəyi olar, məqsədə çatması da daha asan olar.

Məsumlar (ə) dinimizin həkimləridir və onların verdiyi dərmanlar bizi mütləq sağaldacaqdır. Həzrət Peyğəmbər (s) bir həkim kimi buyurur ki, əgər həqiqi mömin olmaq istəyirsənsə, gərək dilinə və əlinə nəzarət edəsən. Yəni, nə dili və nə də əli ilə başqalarına əziyyət verməməlidir.

Həzrət (s) buyurur: "Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən amanda olarlar. Mömin o kəsdir ki, insanların malı və canı onlara qarşı amanda olar".