​​​​​​​Saçlarınız tökülürsə, bunu oxuyun


Digərləri 02 Fev 2019 20:20:00 275 0

​​​​​​​Saçlarınız tökülürsə, bunu oxuyun

Saçların tökülməsi nəyə işarədir? Saç tökülməsini baş dərisində yaranan problemlərlə əlaqələndirsələr də, buna çox vaxt daxili orqanlarda baş verən problemlər də səbəb olur. Hazırda qadınlı-kişili, uşaqlı-böyüklü-əksər insanın saçı tökülür. Saç tökülməsi hallarının getdikcə artdığı da hər kəsə məlumdur. Bəzi hallarda isə, insanlar həkimə müraciət etmədən, bu problemdən çıxış yolunu alternativ yollarla tapmağa çalışırlar. Bu isə problemi daha da ağırlaşdırır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, saç tökülməsi, onun səbəbləri və müalicəsi barədə danışan dermatoveneroloq Firayyə Məmmədova deyir ki, gün ərzində ona müraciət edən 30-dan artıq xəstənin təxminən 10-u saçının tökülməsindən şikayətlənir: "Soruşa bilərsiniz ki, hansı yaş kateqoriyasında olan xəstələr üstünlük təşkil edir? Cavab olaraq deyim ki, burada yaş faktoru yoxdur. Pasiyentlər arasında istənilən yaş kateqoriyasından olan insana rast gəlmək mümkündür. Saç tökülməsi alopesiya xəstəliyidir. "Alopesiya" yunan sözüdür. Bu xəstəliyin müxtəlif növləri var: androgenetik, diffuz və s. Saç tökülməsinin kökündə çox problem dayana bilər. Saç tökülməsinin növünə görə problemin kökü araşdırılmalıdır. Ən başda xəstənin müayinəsi çox önəmlidir. Müayinəyə başlayarkən ilk olaraq saç dibləri, saç dərisi müayinə edilməlidir. Bundan sonra xəstənin yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi öyrənilir. Sonda qan analizləri götürülür. Analizlərin nəticəsinə əsasən, diaqnoz qoyulur, xəstəliyin növü müəyyənləşdirilir və xəstənin müalicəsinə başlanılır. Müalicənin faydasını görməyən xəstə yoxdur. Yaşa, sistem xəstəliklərinə (orqanizmdə infeksiyalar, endokrinoloji, revmatizm, qan-damar xəstəlikləri), genetik amillərə görə müalicənin faydaları da dəyişir. Kişilər və qadınlar üçün ortaq müalicə üsulları çoxdur. Amma fərqli müalicə üsulları da var. Məsələn, müalicə zamanı istifadə etdiyimiz elə preparatlar var ki, biz onu ancaq kişi pasiyentlərimizə tövsiyə edirik".

Uzman dermatoveneroloqun sözlərinə görə, menopauza dövründə olan qadınlarda estrogen hormonu azalır, yaxud da bitir, bu isə bir sıra problemlərə səbəb olur: "Bu problemlərdən biri saç də tökülməsidir. Bizə müraciətlər sırasında saç tökülməsindən əziyyət çəkən uşaqların da sayı çoxdur. Bunun isə əsas səbəbi qəbul edilən bir sıra dərmanlardır. Bu cür dərmanlar yaşlı insanlara əks göstəriş verməsə də, uşaqlara zərər verir, nəticədə onlarda saç tökülməsi problemi yaradır. Eyni zamanda, onkoloji xəstəliklər də saç tökülməsinə gətirib çıxarır. Bu o zaman baş verir ki, xəstə kimya terapiyası qəbul edir, kimyəvi dərmanlar içir. Bu amillər də saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yəni, kimyəvi dərmanlar başda olmaqla, bir sıra dərman vasitələri saç tökülməsinə səbəb ola bilir".

Kişilərdə androgenetik alopesiyanın olduğunu deyən F. Məmmədova bildirib ki, bu, ən çox rast gəlinən saç tökülməsi növüdür: "Bəzi kişilərdə saç tökülməsi çox sürətlə gedir və qısa müddətdə keçəlləşmə yaranır. Burada genetik amil xüsusi rol oynayır. Ailə üzvlərindən birində androgenetik alopesiya olan kişilərdə bu hala daha çox rast gəlinir. Son dövrlər iş həyatında, ailədə əsəb və stress hallarının artması da saç tökülməsinə səbəb ola bilər".