Xınalıq: 9 tələbəsi olan dağ kəndinin bir qış günü FOTO


Digərləri 02 Fev 2019 20:14:00 319 0

Xınalıq: 9 tələbəsi olan dağ kəndinin bir qış günü  FOTO

"Alo! Yollar necədir, vəziyyət necədir oralarda, maşın gedib-gələ bilir?"

Bu, sürücülərin Azərbaycanın paytaxtı Bakıdan 200 kilometr şimalda, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən və ölkənin ən yüksək yaşayış məntəqəsi - Xınalığa getməzdən əvvəl etməli olduqları ilk işdir.

Təxminən, 2000 nəfərin yaşadığı Xınalıq ucqar kənddir.

Uzun illər kəndə avtomobil yolu olmadığına görə, gediş-gəlişi çətin olan Xınalıq əhli öz ənənəvi həyat tərzini qoruyub saxlayıb.

Əsas gəlir mənbəyi

Burada demək olar ki, hər bir ailənin əsas gəlir mənbəyi qoyunçuluqdur. Elə buna görə də əhalinin həyat tərzi sürüyə nəzarət əsasında qurulub.

Əhalinin təxmini 80 faizi hər il sentyabr-oktyabr aylarında uşaqlarını yaşlı və ya digər ailə üzvləri ilə kənddə qoyaraq, sürünü də götürüb qışlağa köçürlər.

Bu həyat tərzi ailələrin gəlirini təmin etsə də, ənənələri qorumaq baxımından çətindir. Və burada söhbət tək maddi məsələdən getmir.

Hazırda 306 şagird bu məktəbdə təhsil alır. Məktəbin nəzdində olan internatda isə 50 uşaq yaşayır.

"Elə uşaqlar var ki, məktəbə çox gec yaşda yazılır"

Kəndin orta məktəbinə rəhbərlik edən Yunis Məmmədovun fikrincə, köçəri həyat əsasən uşaqlara təsir edir. Məsələ yalnız işsizlik və kasıb həyat tərzində də deyil. Yunis Məmmədov deyir ki, bəzi valideynlərin başı təsərrüfata və maldarlığa qarışdığına görə, uşaqlarını məktəbə yazdırmağı unudurlar.

Məktəb direktoru deyir ki, hətta bəzi valideynlər uşaqları özləri ilə qışlağa aparır. Bu da öz növbəsində vəziyyəti daha da çətinləşdirir.

"Elə uşaqlar var ki, məktəbə çox gec yaşda yazılır, sonra da oxumağa həvəsi qalmır. Əsas da oğlanlar. Yetkinlik, əsgərlik yaşı çatmış oğlan oxuyarmı heç ondan sonra?!"

58 yaşlı Təzəgül nənə və 61 yaşlı həyat yoldaşı Şəmsəddin bəy nəvələri ilə. Təzəgül nənə deyir ki, uşaqlara nəzarət etmək onun üçün asan deyil. "Ancaq nə edək, kənddə iş yox, çarəmiz də yox" deyib, oğluna məmnuniyyətlə bacardığı qədər dəstək olur.

Valideynlərini görmək üçün gün sayan balacalar...

Kənddə bir az gəzdikdən sonra, Məmmədov bizi tipik Xınalıq ailəsi ilə tanış etmək üçün bir ailəyə dəvət edir: evdə yaşlı qadın, həyat yoldaşı, onların oğlu, gəlini və beş uşaq yaşayır.

Uşaqlardan üçü, cütlüyün sentyabrda qışlağa getmiş böyük oğlunun övladlarıdır.

Qışlağa hazırlıq sentyabr ayında başlayır. Uşaqlarını nənələri ilə qoyub gedən valideynlərin onlarla tez-tez zəngləşməyə də imkanı olmur. Kənd sakinləri deyir ki, uşaqların çoxu ayrılığa öyrəşsə də, balacalar çox vaxt ağlayır və bunu elə sentyabr ayında müşahidə etmək olur.

9 yaşlı Aynur, 11 yaşlı Aysən və 14 yaşlı Elnur son dəfə valideynlərini dörd ay əvvəl görüb.

Aynur nə vaxt görüşdüklərini yadına salmaq üçün bir-bir ayları saymağa başlayır.

"Tez-tez telefonla danışırıq. Dünən yox, ondan əvvəlki gün danışmışdıq. Dedim ki, tez qayıtsınlar. Ancaq zəng vurmaq bəs deyil də".

Doqquz yaşlı Gülər mahnı oxumağı və rəqs etməyi sevir. Deyir böyüyəndə müğənni olacaq.

Bacılar bir yerdə vaxt keçirməyi sevir. Soyuq qış aylarında daha çox evin yeganə isti otağında oturub rəsm çəkir və ya dərs oxuyurlar.

"Heç olmasa bir bayram"

Aynur bayramları çox sevir və həmişə xəyal edir ki, heç olmasa bir bayramı bütün ailə bir yerdə toplaşıb qeyd edə bilsin.

"Yeni il günü nənəmə kömək elədik, süfrə açdıq, bacım və qardaşımla həyətdə çoxlu oynadıq. Sonra gecə olanda qardaşım fişəng partlatdı. Yaxşı keçirtdik də, bir sözlə. İstəyirdim anam da burda olsun, mən də onun sözünə qulaq asardım, ona kömək edərdim".

Aynur deyir ki, böyüyəndə rəssam olmaq istəyir. Nənəsi gülərək, onun polis olmaq istədiyini deyir.

"Rəsm çəkməyi öyrənib, qəşəng dağları, yanında ev, bir də içində bütün ailəmi çəkərdim".

Əflatun və qardaşı Kamaləddin hesab edir ki, yaxın gələcəkdə qoyunçuluq indi olduğu kimi qazanclı olmayacaq.

15 yaşlı Əflatun Xınalıqda evlərinin qarşısında


Xəbərə aid fotolar