"Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir"


Digərləri 02 Fev 2019 19:58:00 304 0

"Azərbaycan ordusu tam döyüş qabiliyyətlidir"

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi, veteranlar, Azərbaycan Ordusunu təmsil edən gənclər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Toplantı iştirakçılarının bir qrupu bir gün əvvəl Fəxri Xiyabana, birinci və ikinci Şəhidlər xiyabanlarına gedərək müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Toplantıdan öncə rəsmi qonaqlar "Heydər Əliyev və Azərbaycan gəncliyi", "Gənclərə qayğı Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir" və "Ordu gəncləri böyük qüvvədir" mövzularında foto sərgilərlə tanış olublar. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü müstəqil Azərbaycan Respublikası gənclərinin birinci formunun iştirakçısı, polkovnik Abdulla Qurbani qonaqlara sərgilər barədə ətraflı məlumat verib. Aprel zəfərinin qazanılmasında, həmçinin Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad olunmasında xüsusi xidmətləri olmuş hərbi qulluqçular rəsmi qonaqlara təqdim edilib.

Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Toplantıda dövlət gənclər siyasətinin bu gün respublikamızda geniş vüsət almasından bəhs edən video-çarx nümayiş etdirilib və ümummilli liderimiz Heydər Əliyevin, eləcə də dövlətimizin başçısı İlham Əliyevin gənclərə müraciətləri səsləndirilib.

Cəbhə bölgəsindən gəlmiş, toplantı iştirakçılarının seçimi ilə tədbiri idarə etmək həvalə edilmiş gənc zabit Orxan Rüstəmov qeyd edib ki, bir gün öncə Gənclər Günü münasibətilə keçirilən respublika toplantısında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin proqram əhəmiyyətli çıxışı hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb. Bu toplantıdan bir gün sonra ordu gənclərinin ümumrespublika toplantısının keçirilməsi heç də təsadüfi deyil: "Biz buraya ona görə toplaşmışıq ki, bir daha möhtərəm Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə öz sədaqətimizi bəyan edək, qoy dostlarımız, eləcə də düşmənlərimiz bilsinlər ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır".

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək hərbçi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə hələ 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildə isə ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalayıb.