Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub (FOTO)


Digərləri 02 Fev 2019 18:18:06 190 0

Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub (FOTO)

“Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olub.

Bakı. Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olub. “Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, qonaqlara Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub. Qonaqlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş və investisiya məmləği 40,3 milyon manat təşkil edən Balaxanı Sənaye Parkında qeydiyyata alınmış 15 rezidentdən 7-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Qeyd olundu ki, hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur.