Elxan Abdullayev: "Neftçi"yə azarkeşlik edəcəyəm"


Digərləri 02 Fev 2019 17:44:00 257 0

Elxan Abdullayev: "Neftçi"yə azarkeşlik edəcəyəm"

Fevralın 3-də Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümünün ikinci hissəsinin ilk oyununda "Qarabağ" - "Neftçi" matçı baş tutacaq. 

Son.az xəbər verir ki, report XV tur çərçivəsində keçiriləcək qarşılaşma ilə bağlı futbol mütəxəssisləri arasında sorğu keçirib. 

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev matçı derbi adlandırıb: "Hər iki komanda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb və qarşılarına çempionluq məqsədi qoyublar. Ona görə də, birmənalı olaraq, gərgin oyunun şahidi olacağıq. Çempionatın ikinci hissəsi başlayır və komandaların hazırlıqlarını yaxşı izləyə bilməmişik. Həm də heyətlərdə bəzi dəyişikliklər var. Yeni oyunçular cəlb olunub". 

Təcrübəli mütəxəssis bu qarşılaşmada kimin qalib gələcəyini deməyin çətin olduğunu vurğulayıb: "Bu görüşdə taktiki cəhətdən ağıllı oynayan komanda qələbə qazanacaq. Şablon da olsa, demək istəyirəm ki, müdafiədə daha az səhv edən kollektiv oyunun qalibi olacaq. Şansları bərabər qiymətləndirirəm. Hansınınsa şansının daha böyük olduğunu demək olmaz. Matç "Neftçi" üçün bir az psixoloji cəhətdən asan olan bilər. Çünki rəqibi ilə arasındakı üç xallıq fərqi də qorumaq istəyə bilər". 

Ş.Diniyev əvvəlki illərdəki kimi qarşılaşmaya azarkeş marağının çox olacağını gözlədiyini söyləyib: "Medianın burada böyük rolu var. Qarşılaşmanın önəmini qaldırmaqda mətbuat ilk pillərdən birini tutur. Oyunlarda ajiotajın olması sizlərdən çox asılıdır. İnanıram ki, azarkeşlər, mütəxəssislər və futbolçular üçün bu oyun derbi kimi qəbul olunacaq və maraqlı qarşılaşma baş tutacaq".

Futbolçu olduğu müddətdə "Neftçi" və "Qarabağ" klubunun formasını geyinən Arif Əsədov komandarıın durumundan asılı olmayaraq, aralarındakı oyunların intiriqalı və gərgin keçdiyini söyləyib: "Qarabağ" və "Neftçi" yeganə komandalardır ki, müstəqillik dövründən sonra bütün çempionatlarda iştirak ediblər. Hər iki komandanın şərəfini qorumuşam. Məşqçi kimi "Neftçi"də işləmişəm. Hər zaman da gərginliyi hiss eləmişəm. Hazırda "Neftçi" liderdir, amma "Qarabağ" rəqibindən üç xal arxadadır. Bu görüşü 6 xallıq oyun kimi qiymətləndirmək olar. Amma uğursuzluq o demək deyil ki, hansısa komanda çempionluqdan geri qalacaq. Sadəcə, qalib gələn kollektiv növbəti oyunlar üçün üstünlüyə malik ola bilər". 

49 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı proqnozunu da açıqlayıb: "Düşünürəm ki, bu qarşılaşma heç-heçə başa çatacaq. Belə oyunlar media tərəfindən yaxşı işıqlandırılmalıdır. Əvvəllər oyunların ajiotajlı keçməsində medianın da təsiri olub. İndi isə bir az passivlik hiss olunur. Amma bugünkü durumda deyə bilmərik ki, azarkeşlər həmin oyunda tribunaları dolduracaq. Hər iki komandanın fanklubları var. Onların canfəşanlıqlarını hiss edə bilərik. Qarşılaşmaya on minlərlə azarkeşin gələcəyini düşünmürəm".