RİİB nümayəndəsi: "Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü ilə görülən işlər regionlarda böyük məmnunluqla qarşılanır"


Digərləri 02 Fev 2019 15:21:00 260 0

RİİB nümayəndəsi: "Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü ilə görülən işlər regionlarda böyük məmnunluqla qarşılanır"

"Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşəbbüsü ilə görülən işlər regionlarda böyük məmnunluqla qarşılanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova deyib.

A.Ramazanova bildirib ki, 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş "Regional İnkişaf" İctimai Birliyinin məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, ölkəmizin sosial, ictimai və mədəni həyatında fəal iştirak etmək, dövlətimiz tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdən ibarətdir. Bu istiqamətdə İctimai Birlik bölgələrdə mütəmadi görüşlər keçirir, insanların qayğıları ilə maraqlanır, müraciətlərini araşdıraraq həlli yollarını axtarır:

"Cənab Prezident, bu günədək biz Sizin və Mehriban xanımın bilavasitə dəstəyi sayəsində əhalinin sosial, infrastruktur, özünüməşğulluq, səhiyyə və digər məsələlərlə bağlı çoxsaylı müraciətlərinin müsbət həllinə nail olmuşuq. İcazənizlə görülmüş işlərdən bəzi nümunələri qeyd etmək istəyirəm. Əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq, "Sosial bağlar" layihəsi həyata keçirildi".

O əlavə edib ki, layihə çərçivəsində 125 şəhid ailəsi, əlil və aztəminatlı ailələr üçün intensiv meyvə bağları salındı. Bu bağlar onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq: "Bu yaxınlarda Ağsu rayonundan qayıtdıq. Əhalinin Sizə salamlarını çatdırmaq istərdim. Ağsu rayonunun Elabad kəndində sakinlərə verilmiş pay torpaqlarının sərhədləri uzun müddət qeyri-müəyyən olduğundan, insanlar torpağı əkib-becərməkdə və dövlət tərəfindən verilmiş imtiyazlardan istifadədə çətinlik çəkirdi".

A.Ramazanova qeyd edib ki, İctimai Birliyin təşəbbüsü ilə aidiyyəti qurum tərəfindən qısa müddət ərzində torpaqların dəqiq sərhədləri müəyyənləşdirildi, vətəndaşlara müvafiq mülkiyyət sənədləri verildi. Eyni zamanda, əkin üçün torpaqların şumlanması və məhsulun yığılmasında da onlara lazımi kömək göstərildi: "Belə nümunələr kifayət qədərdir. Bildirmək istərdim ki, bütün bu işlər regionlarda əhali, xüsusilə gənclər tərəfindən böyük məmnunluqla qarşılanır, onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da gücləndirir.