Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi davam edir (FOTO/VİDEO)


Digərləri 02 Fev 2019 11:00:00 218 0

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi davam edir (FOTO/VİDEO)

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi davam edir.

Bakı. Ceyhun Ələkbərov - “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən sürətlə və keyfiyyətlə tikintisi işləri davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardürlərin quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir. Bu ərazidə çoxlu çaylar, meliorasiya qurğuları, su hövzələri ilə, neft çıxarılan ərazilərlə kəsişmələr layihənin ən əhəmiyyətli aspektidir. AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, layihə 4 lotdan ibarətdir: "1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci lot üzrə aparılır. Layihənin başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (7 km) hissəsinə düşür". Aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülərək sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib. Həmçinin layihə boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, beton yolda, yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 25-26.3-cü km-lik hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 paqon-metri artıq quraşdırılıb, kommunikasiya xətlərinin köçürülməsi isə 90% yerinə yetirilib. Layihənin 1-ci lotu üzrə işlərin fiziki tərəqqisi ümumilikdə 40% təşkil edir.