Şəhid zabitin oğlu: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır


Digərləri 02 Fev 2019 10:34:18 208 0

Şəhid zabitin oğlu: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır.

Bakı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Trend-in məlumatına görə, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu deyib. A.Oruclu Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu olduğuna görə fəxr etdiyini bildirib: "Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq". O, bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq məqsədilə ADA Universitetinə qəbul olduğunu qeyd edib: "Hazırda ölkəmizin ən nüfuzlu universitetlərindən birində təhsil alıram və dövlətim bizə dəstək olur. Digər sosial müdafiəyə ehtiyacı olan ailələr kimi, mənim də təhsil haqqım dövlətimiz tərəfindən ödənilir. Cənab Prezident, Sizin dörd gün öncə şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunə oldu. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür".